Nazilə Səfərli
843 views
Incidents
Son günlər bəzi saytlarda belə bir yazı gedir ki, respublikanın sabiq Baş Prokuroru rəhmətlik Murad Babayev iş otağında Zakir Qaralovu döyüb. Yazını oxuyanda xeyli fikirləşdim, yaddaşımı işə saldım, qəti qərara gəldim ki, bu xəbər yanlışdır. Əhvalatın necə olduğunu yaxşı bilirəm. Əsl mətləbə keçməzdən əvvəl onu deyim ki, Babayev gözəl insan, vətənpərvər və xalqını sevən idi. Heç vaxt haqqı nahaqqa qurban verməzdi. Mən onunla yaxın münasibətdə olmuşam, 1991-ci ildə Milli Məclisə deputatlığa namizədliyini irəli sürəndən təbliğatçısı olmuşam. Bir dəfə söhbət zamanı bu hadisə ilə bağlı danışmışdı, bir dəfə iş vaxtından sonra Nəsimi rayon polis rəisi ona zəng vurub Qaralovun içkili vəziyyətdə, idman formasında şöbəyə gəldiyini deyib. Bildirib ki, o şöbədə nalayiq ifadələr işlədir, polis işçilərinin yanında söyüş söyür. Bunu eşidən Babayev də dərhal polis şöbəsinə gəlir, şahid olur ki, vəziyyət deyilənlərdən də betərdir. Murad bəy Qaralovu dilə tutur, onu sakitləşdirmək istəyir, amma buna nail olmur, Qaralov təhqiramiz danışır, bunu görə Babayev ona şapalaq vurur. Onu işdən çıxartma barədə əmr verir. 1992-ci ildə isə Murad Babayev Baş Prokurorluğu vəzifəsindən ərizəsi ilə istefa verir, elə həmin il də Bakı Nəqliyyat Prokurorluğu yaradılır və Babayev ora prokuror qoyulur. O vəzifədə 7 il – 2000-ci ilə qədər çalışır. 2000-ci ildə Zakir Qaralov Baş Prokuror olur və Murad Babayevi öz vəzifəsindən azad edir. Bununla da ürəyi soyumur, M.Babayevin ona yaxın olan kadrlarını işdən azad edir. Buna dözməyən Murad Babayev 2000-ci ildə “Azadlıq” qəzetində çıxış edir, hadisələri olduğu kimi danışır və ölkə Prezidentindən xahiş edir ki, bu məsələyə son qoyulsun. Bu hadisədən sonra Qaralov ona heç nə etmir. Zakir Qaralov Murad Babayevin dəfnində də iştirak etməmişdi.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.