Masallı rayonunun Türkoba kənd sakini idman üslubunda qeyri-adi avtomobil düzəldib. O, bu avtomobilin hazırlanmasına 18 ay vaxt sərf edib. Ən qürur verici məqam isə avtomobilin üzərində Azərbaycan bayrağının təsvir olunmasıdır. Çilingər olan usta Oktay Rzayev bu nəqliyyat vasitəsini xarici ölkələrin istehsalı olan avtomobil hissələrindən yararlanmaqla yığıb. Yeni modelin elektrik avadanlıqları da bütünlüklə xarici modellərdə istafadə olunan cihazlarla təchiz olunub. Qeyri-adi avtomobil hazırlayan şəxs Oktay Rzayev: “90-cı ildən bu işlə məşğulam. Hər dəfə belə bir şey düzəldirəm. Bu avtomobilin dəmir hissələri ancaq “Mercedes”in dam hissələridir. Yəni köhnə “Mercedes”lərin dam hissələrini söküb belə bir kapot, qapı yığıram.” Avtomobilin qapıları da adi formada deyil. Yuxarı-aşağı hərəkət etdirməklə avtomotik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litr nəzərdə tutulub. Qeyri-adi avtomobil hazırlayan şəxs Oktay Rzayev: “Sürəti demək olar ki, 220-240 olar. Ancaq motor “VAZ 2109”-undur. İdman üslubunda yığılıb.” Həvəskar avtomobil konstruktoru Oktay Rzayev deyir ki, bu günə qədər xərclərini hesablamasa da işini tamamlamaq üçün ona 5-6 min manat pul lazımdır. Qeyri-adi avtomobil hazırlayan şəxs Oktay Rzayev: “Çox adam maraqlanır, gedib-gəlir, baxırlar, şəkil çəkdirirlər. Hazır olmadığı üçün bəzən qaracda qalır.” Bu ustanın hazırladığı son avtomobil deyil. Oktay Rzayev hazırda daha bir avtomobil yığır. Yenə idman üslubuna üstünlük verən çilingər yeni nəqliyyat vasitəsinin yalnız dəmir işlərini görüb.