Koçaryan Paşinyanı duelə çağırdı

  • 10.06.2021
  • 0

Ermənistanda siyasi gərginlik getdikcə artır. Növbədənkənar parlament seçkisi iyunun 20-nə təyin olunsa da, seçkiqabağı gərginlik o həddə çatıb ki, artıq seçkilərin təxirə salına biləcəyi ehtimalı da müzakirə edilir.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, parlament seçkilərində qalib gələn siyasi qüvvə hökuməti formalaşdırır və Baş nazir postuna namizədini təklif edir. 44 günlük savaşdan sonra keçirilməsi seçkilərin önəmini daha da artırır. Məğlubiyyətə uğrayan Ermənistanda daxili düşmən axtarışına start verilib və tərəflər arasında amansız mübarizə gedir.

Seçkilərdə 23 partiya, 4 siyasi blok iştirak edir. Əsas mübarizənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eks-prezident Serj Sarkisyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, biznesmen Qagik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, habelə Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası və eks-prezident Levon Ter-Petrosyanın lideri oldu “Erməni Milli Konqresi” partiyası arasında gedəcəyi barədə proqnozlar artıq özünü doğrultmağa başlayıb.

Seçki yaxınlaşdıqca, təbliğat-təşviqat kampaniyaları fonunda emosional mühit də gərginləşir. Ermənistanda ictimai rəy birmənalı deyil, tərəflərin bir-birini çirkaba batırması, kompromat savaşı olduqca əsəbi mühit formalaşdırıb. Tərəflər bir-birini siyasi baxımdan məhv etmək üçün hər vasitədən istifadə edir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ona ünvanlanmış tənqidlərə cavab verməkdə çətinlik çəkir. Artıq o, siyasətçini, ölkə rəhbərini aciz, aqoniya vəziyyətində göstərən “2020-ci ildəki müharibədə Allah bizdən üz döndərmişdi” kimi ifadələrə sığınmağa başlayıb. Bundan başqa, üzləşdiyi çətin durumdan çıxış yolları axtaran Paşinyan növbəti dəfə özünü biabır edən açıqlama ilə çıxış edib. Əslində bu biabırçı təklif ona eyni dərəcədə reallıq hissini itirmiş sabiq prezident Serj Sarkisyandan gəlib. Sarkisyan guya Paşinyanı pis vəziyyətdə qoymaq üçün təklif edib ki, Azərbaycandakı “hərbi əsirlərdən” 25-nin azad edilməsi qarşılığında Baş nazir oğlunu Bakıya göndərsin. Paşinyan da gülməli, o qədər də sərsəm sayıla biləcək bu təkliflə razılaşıb, oğlunu Bakıya göndərməyə hazır olduğunu bildirib.

Paşinyanın bu addımı isə rəqibləri tərəfindən seçici rəğbəti qazanmağa yönəlmiş növbəti populist addım kimi qiymətləndirilir. Ermənistanın sabiq prezidenti və Paşinyanın seçkilərdə əsas rəqiblərindən Robert Koçaryan onun bu təklifini primitiv debilizm və ucuz populizm adlandırıb. O bildirib ki, orta əsrlərə xas belə çağırışlarla irəliləyişə nail olmaq imkansızdır. R.Koçaryan əslində bu sözləri ilə təklifin müəllifi olan S.Sarkisyanın da bostanına yekə bir daş atmış olub.

Koçaryanla Paşinyan arasında söz savaşı isə son günlər artıq məişət səviyyəsinə enib. Onlar artıq bir-birinə “Sən kişi deyilsən” kimi küçə jarqonu ilə müraciət edirlər. Bundan başqa, Koçaryan Paşinyanı məmnuniyyətlə duelə çağırmağa hazır olduğunu bildirib. Paşinyan isə onu bu sözlərinə görə terrorçularla müqayisə edib....