Piyada səkisi “AA”, “PA” seriyalı avtomobillərin dayanacağına çevrilib

  • 24.12.2019
  • 0

Kövkəb Səfərəliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində piyada səkisi avtomobillər tərəfindən zəbt olunub.

Bizimyol.info xəbər verir ki, ərazidə avtomobillər qanunsuz olaraq park edildiyindən, piyadalar üçün gediş-gəlişdə böyük çətinliklər yaranıb. Paytaxt sakini Niyazi Qasımov bildirib ki, bu ünvanda yeni restoran açılandan sonra “AA”, “PA” seriya nömrəli avtomobillər dayanır.

“Piyada səkisində sonra “AA”, “PA” seriyalı dövlət nömrə nişanlı avtomobillər dayanır. Dövlət məmurları sanki burada dayanmalıdır. Bakı Nəqliyyat Agentliyi qayda pozuntusu ilə bağlı tədbir görməlidir”,-deyə N.Qasımov bildirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, vətəndaşın təqdim etdiyi foto və video əsasında qaydanı pozan avtomobillərə tədbir görmək mümkün deyil.

“Avtomobilin dövlət qeydiyyat nişanının heç bir fərqi yoxdur. Bizim əməkdaşlar tərəfindən belə hal aşkar edildikdə və ya kameralar vasitəsi ilə belə hal aşkar edildikdə müvafiq inzibati tənbeh tədbirləri görülür. Dəfələrlə KİV-də və sosial şəbəkədə bununla bağlı paylaşımlar olub. Qanunvericilik baxımından vətəndaşların təqdim etdiyi foto və video faktlar əsasında cəza tədbiri görmək mümkün deyil. Bu səbəbdən də təəssüf təqdim edilən video əsasında hər hansı bir hüquqi addım ata bilmirik. Amma qeyd edim ki, bu ərazi nəzarətimizdə olacaq”,-deyə Mais Ağayev bildirib.

Nə düşünürsən?