AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev kimdir?

  • 24.10.2019
  • 0

Ramiz Mehdiyev kimdir?

 

23 oktyabr 2019-cu ildə fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilib. Qeyd edim ki, akademiyanın tarixində ilk dəfədir ki, prezident humanitar-ictimai elmlər sahəsindən seçilir. Bəs yeni AMEA prezidenti Ramiz Mehdiyevin kim olduğunu bilirsinizmi?

 

Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub.

 

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra həmin ilin may ayından 1962-ci ilin avqustuna qədər “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsində işləyib.

 

Ali təhsilini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində alıb.

 

1965-ci ilin dekabrından 1967-ci ilin dekabrına qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsində təlimatçı, növbəti 1 il həmin ittifaqın Naxçıvan Vilayət Komitəsində ikinci katib, 1968-ci ilin dekabrından 1971-ci ilin dekabrınadək Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində aspirant olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

 

1972-ci ilin fevralından 1974-cü ilin mayına qədər Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasının müəllimi, daha sonra isə baş müəllimi vəzifələrində çalışıb.

 

1974-cü ilin mayından 1978-ci ilin oktyabrınadək Azərbaycan KP MK-da əvvəlcə mühazirəçi, daha sonra isə şöbə müdirinin müavini vəzifələrində, 1978-ci ilin oktyabrından 1980-ci ilin iyulunadək 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində fəaliyyət göstərib.

 

1980-ci ilin iyulundan 1983-cü ilin dekabr ayına kimi Azərbaycan KP MK-də şöbə müdiri olub. Daha sonra isə 1988-ci ilin mayınadək Azərbaycan KP MK-nin katibi vəzifəsində işləyib.

 

1 iyun 1988-ci ildən 4 fevral 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri idi. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

 

1980-1990-cı illərdə iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin deputatı seçilib. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olduğu dövrdə Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

 

4 fevral 1994-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri olan Ramiz Mehdiyev, 7 fevral 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul olunmuş Referendum Aktından sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri adlanıb.

 

O, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü, 2007-ci ilin aprelində isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

 

Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının rəhbəri olan Ramiz Mehdiyev 26 kitabın, 250-dən çox məqalənin müəllifidir. Əsas elmi nailiyyətləri ölkənin modernləşmə və dayanıqlı inkişafının fəlsəfi konsepsiyasını işləməsi və dövlət ideologiyasının elmi-fəlsəfi əsaslarını hazırlamasıdır.

 

10 avqust 2004-cü ildən Həqiqi dövlət müşaviri olan Ramiz Mehdiyev Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə 17 aprel 2008-ci ildə "İstiqlal" ordeni ilə, 21 sentyabr 2011-ci ildə Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı ilə, Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində xüsusi xidmətləri və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 17 aprel 2013-cü ildə “Şərəf” ordeni ilə, Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə 16 aprel 2018-ci ildə “Şöhrət” ordeni ilə, 23 oktyabr 2019-cu ildə isə Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

 

Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib. Elə həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həmin vəzifəyə təsdiq edilib.

 

Musiqi: Midnight Prophet NEW 2:23 Sarah, The Illstrumentalist Hip Hop ve Rap | Karanlık

Nə düşünürsən?