Atambayevin xanımına qarşı cinayət işi açılıb

  • 17.08.2019
  • 0

Qırğızıstanın sabiq prezidentinin xanımı Raisa Atambayevaya qarşı cinayət işi qaldırılıb. FaktXeber.com-un məlumatına görə, bu barədə sabiq birinci xanım jurnalistlərə açıqlamasında deyib.

«Bu gün öyrəndim ki, mənə qarşı da cinayət işi açılıb», - deyə Atambayeva jurnalistlərə bildirib. Onun sözlərinə görə, iş  Məhkəmə İslahatları və Qanunların Aliliyi şöbəsinin sabiq rəhbəri Manas Arabayevlə əlaqədardır. Qeyd edək ki, sözügedən şəxs hazırda korrupsiya ittihamı ilə saxlanılıb.

«Bilirdim ki, siyasət çirkin işdir. Mən hətta harda hansı məhkəmənin yerləşdiyini bilmirəm. Birinci xanmı kimi mən əlimdən gələni edirdim ki, heç bir işə qarışmayım», - deyə o, əlavə edib.

Xatırladaq ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev qətl törətməkdə və dövlət çevrilişi hazırlamaqda ittiham olunur. Ona qarşı kütləvi iğtişaşlar və girov götürmək ittihamları da irəli sürülüb.

Atambayev avqustun 8-də xüsusi təyinatlı polis qüvvələrinin onun qaldığı evə reyd keçirməsindən sonra həbs olunub.

Reyd keçirilərkən Atambayevin tərəfdarları polisə silahlı müqavimət göstəriblər, nəticədə bir polis əməkdaşı ölüb, onlarla adam yaralanıb.

Qırğızıstanda iyirmi ildən az müddətdə iki inqilab baş verib, son il ərzində isə eks-prezidentlə onun varisi Sooronbay Jeenbekov arasında getdikcə kəskinləşən qarşıdurma yaranıb.

A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. İyunun sonunda parlament keçmiş prezidentin toxunulmazlığını ləğv edib.