Ancaq Nuriyyə Əhmədovanın ölümü yaşadığı həyat kimi qəribə oldu. İllərdir, ev arzusu ilə yaşayan xalq artistinin sonuncu arzusu da ürəyində qaldı…
O, öz evində vəfat etməyi arzu etsə də, bu arzusuna da çata bilmədi. Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova 65 yaşında xəstəxanada vəfat etdi. Hər zaman tamaşaçını güldürən aktrisa bu dəfə ölümü ilə hamımızı sarsıtdı. Bu ölüm adi ölüm deyildi.
İllərini səhnəyə, sənətə həsr edən aktrisanın özü də xalq artisti kimi böyük adı daşıyan bir sənətkarın səhnədən və dünyadan nakam getməsi idi.
Əhmədova Nuriyyə Əliağa qızı 26 dekabr 1950-ci ildə Bakıda anadan olub.Atası hərbçi, anası isə evdar qadın olub. O, 1970-1974 –cü illərdə M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb.
Bəstəkar Tofiq Bakıxanovun xeyir-duası ilə Musiqili Komediya Teatrına işə qəbul edilən aktrisa burada “Məmmədəli kurorta gedir”, “Toy kimindir” tamaşalarında rol alır. Onun istedadını görən teatrşünas Cabir Səfərov ona İncəsənət İnstitutuna daxil olmağı tövsiyə edir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət institutuna daxil olan Nuriyyə Əhmədova teatrda işləyə-işləyə 1974-cü ildə burada təhsilini müvəffəqiyyətlə başa vurur.





























