Şərurlu İsfəndiyarın şok əməli

  • Bu gün 13:20
  • 0

Oxu24.com saytına müraciət edən vətəndaş Mirhəsən Əlizadə Asif oğlu, qardaşı Mirməhəmməd Əlizadə ilə birlikdə üzləşdikləri qanunsuzluq və mənimsəmə faktları ilə bağlı şikayət ediblər.

Şikayətçilərin sözlərinə görə,onlar 2023-cü ilin may ayından etibarən "Şərur MTK" tikinti şirkətinə məxsus binalarda tarsovka (üzlük) işlərini icra etməyə başlayıblar. Təxminən bir il sonra, işlədikləri Yeni Yasamal, "Jasmin Park" Yaşayış Kompleksində kafe-dönərxana açmaq məqsədilə şirkətdən 144 kv.m sahəsi olan təmirsiz qeyri-yaşayış sahəsini icarəyə götürüblər.

* İcarə şərti: Hər kv.m üçün 10 AZN (aylıq 1440 AZN).

* Ödəmə forması: İcarə haqqı vətəndaşların gördüyü tarsovka işlərinin müqabilində ödənilməli, elektrik və kommunal xərclər isə nağd şəkildə həyata keçirilməli idi.

 

Kompleksdə yaşayışın tam olmaması və müştəri azlığı səbəbindən kommunal ödənişlərdə yaranan çətinliklər nəticəsində  Əlizadə qardaşlarının şirkətə təxminən 4000 manat borc yaranıb. Vətəndaşın sözlərinə görə, şirkət rəhbəri İsfəndiyar Axundovun nəvəsi Azər Axundov məsələyə müdaxilə edərək kəskin tələblər irəli sürüb. 

 

Mirhəsən Əlizadə qeyd edir ki, Onlara  cəmi bir gün vaxt verildi.

 

"Şəxsi avadanlıqlarımızı satıb 650 manat ödəsək də, qəbul etmədilər. Əksinə, əvvəlcədən razılaşdırdığımız barter üsulunu (tarsovka işi ilə ödəmə) ləğv edərək, bütün məbləği nağd şəkildə tələb etməyə başladılar və bizə 24 min manat borc çıxardılar",-deyə o bildirib.

 

Şikayətçi bildirir ki, təmirsiz obyektin əsaslı təmiri və avadanlıqlarla təmin olunması üçün öz büdcələrindən 200 min manatdan çox vəsait xərcləyiblər. Lakin şirkət rəhbərliyi bu xərcləri cəmi 10 200 manat kimi qiymətləndirərək qalan bütün əmlakı mənimsəyib. Obyektin açarları dəyişdirilib, vətəndaşların içəri girməsinə icazə verilmir. Vətəndaşlara məxsus bütün daşınar əmlak (mətbəx avadanlıqları, mebel və s.) şirkət tərəfindən girov kimi saxlanılıb.

 

Şikayətçi Mirhəsən Əlizadə öz əmlaklarının videosunu çəkərkən zor tətbiq edərək onun telefonunu əlindən almaq istəyiblər və zorla çölə çıxarıblar.

 

Danışıqlar cəhdinə cavab olaraq Azər Axundovun "Əlinizdən nə gəlir, onu da edin" deyərək vətəndaşları qovduğu iddia olunur.

 

Vətəndaş Mirhəsən Əlizadə bildirir ki, mediada mütərəqqi gənc kimi təqdim olunan Azər Axundovun bu hərəkətləri həm hüquqi, həm də mənəvi normalara ziddir. Onlar aidiyyatı dövlət qurumlarından və hüquq-mühafizə orqanlarından məsələyə müdaxilə etmələrini xahiş edirlər.

 

Oxu24.com məsələ ilə bağlı sözügedən şəxslərin də mövqeyini təqdim edəcək.