Norveç Bakıdakı səfirliyini bağlayır - Azərbaycandan reaksiya

  • 10.11.2018
  • 0

Norveç 2019-cu ildə Azərbaycandakı səfirliyini bağlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat yayıb. Norveç paralel olaraq gələn ildən Tiflisdə diplomatik nümayəndəliyini açmağı planlaşdırır. 

Bundan sonra Norveçlə Azərbaycan arasındakı diplomatik əlaqələrə görə bu ölkənin Ankaradakı səfirliyi cavabdehlik daşıyacaq. 

Norveç Bakıda Baş konsulluq açmağı planlaşdırır.

“Gürcüstan Avrasiya regionunda bizim əsas tərəfdaşlarımızdan biridir. Cənubi Qafqaz ölkələriylə maraqlarımızın və əlaqələrimizin ümumi qiymətləndirilməsinə söykənərək, Norveç Gürcüstünda səfirlik açmağa qərar verib. Tiflisdəki daimi nümayəndəliyimiz sayəsində regiondakı hadisələrin inkişafını rahat izləyə biləcəyik” deyə bu ölkənin XİN başçısı İne Eriksen Sereyde bildirib. 

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-ə açıqlamasında qərarın təəssüf doğurduğunu bildirib.

“Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən olmuş və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə Azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib”.

L.Abdullayeva əlavə edib ki, hazırda olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir:

“Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”.

Nə düşünürsən?