ABŞ-ın Türkiyəyə şok təklifinin səbəbi

  • 01.07.2020
  • 75 baxış
  • 0

S-400-lər köhnə bir texnologiyanın təkmilləşdirilmiş formasıdır. Bu mənada inanmıram ki, ABŞ-ın “Patriot”larını qabaqlaya bilsin. Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ-ın respublikaçı senatoru Con Tyunun S-400-ləri Türkiyədən satın almaq təklifini şərh edərkən deyib. O bildirib ki, ABŞ Türkiyəni tamamilə itirmək istəmir: “ABŞ Türkiyənin Rusiyadan S-400-ləri almasından narahatlıq keçirir. Bunu həm respublikaçı senator Con Tyunun S-400-ləri Türkiyədən satın almaq, həm də digər respublikaçı senator Cim Rişin Ankaraya qarşı S-400-lərə görə sanksiyalar tətbiq edilməsi təkliflərindən görə bilərik. Məsələ ondadır ki, S-400-lər Türkiyə üçün həyati əhəmiyyət təşkil edir. Belə ki, Türkiyə uzun illərdir hava hücumundan müdafiə sistemləri almaq istəyir. Bu məqsədlə ABŞ-dan “Patriot” sistemləri istəsə də, Vaşinqton bu məsələdə rəsmi Ankaraya müsbət cavab vermədi. Məhz bundan sonra Türkiyə Rusiyadan S-400-ləri almaq qərarına gəldi. ABŞ isə bu məsələdən olduqca narahatdır. Birincisi, S-400-lərə sahib bir Türkiyə regionda ABŞ üçün başağrısı ola bilər. İkincisi, S-400-lərə sahib bir Türkiyənin "Patriot"lara ehtiyacı olmayacaq. Üçüncüsü, ABŞ Rusiyanın S-400-lərlə NATO sirlərini ələ keçirəcəyini düşünür”. Politoloqun sözlərinə görə, ABŞ uzun müddətdir S-400-ləri əldə edib texniki parametrləri və digər funksiyalarını araşdırmaq istəyir: “Rusiyanın S-400 sisteminin "Patriot"larla rəqabət apara biləcəyini düşünmürəm. Lakin bununla belə ABŞ S-400-lər üzərində araşdırma aparmaq istəyir. Bu yolla adı keçən raket sistemlərinin mənfi və müsbət yönlərini öyrənib "Patriot"lar üzərində təkmilləşmə işləri apara bilər. Lakin Con Tyunun S-400-ləri Türkiyədən satın almağı təklifi mənasızdır. Çünki Türkiyə çətin ki, belə bir şeyi qəbul etsin”. Q.Hüseynli qeyd edib ki, Cim Rişin Ankaraya S-400-lərə görə sanksiyalar tətbiq edilməsi istəyi təhdiddən başqa bir şey deyil: “Türkiyə Rusiyadan S-400-ü aldığı ilk gündən rəsmi Vaşinqton Ankaraya S-400-lərə görə sanksiyalar tətbiq edəcəyini deyir. Amma göründüyü kimi, Türkiyə belə hədələrə reaksiya belə vermir və yenə də öz bildiyini edir. Türkiyəni belə hədələr ilə yolundan döndərmək çətindir”.

Nə düşünürsən?