Amerika Birləşmiş Ştatlarının “Toksikologiya üzrə milli proqram” təşkilatının üzvləri smartfonların şüalarının insan orqanizminə nə dərəcədə mənfi təsir göstərə biləcəyini öyrənməyə çalışıb. Publika.az xəbər verir ki, təşkilat mobil telefonların şüalarının insanlara nə kimi ziyan verə biləcəyini müəyyən etmək məqsədilə 2 tədqiqat keçirib. Tədqiqatlar nəticəsində isə smartfonlardan istifadə zamanı, şüaların insan sağlamlığını təhlükəyə atacaq heç bir mənfi reaksiyasının olmamasına qərar veriblər. Bununla yanaşı, bəzi normativlərə riayət olunması da tövsiyə edilib. Təşkilat apardığı tədqiqatların yekun nəticələrini rəsmi səhifələrində yayımlayıb. Hesabatda qeyd olunur: “Hazırda ionlaşmayan şüalanmanın xərçəng xəstəliyinin inkişaf riskini artırması ilə bağlı əsaslı sübutlar mövcud deyil. Getdikcə populyarlıq qazanan “hands-free” texnologiyaları, o cümlədən simli və simsiz qarniturlar başa və beyinə radiotezlik təsirini azalda bilərlər”. Tədqiqat çərçivəsində mütəxəssislər təcrübələri ilk olaraq siçovullar üzərində apardıqlarını vurğulayıblar. Belə ki, siçovulları smartfonları və mikrodalğalı sobaların buraxdıqları şüalar kimi radiotezlik şüalanmasının təsirinə məruz qoyublar. Uzunmüddətli şüalanmadan sonra heyvanlarda oxşar şüalanmaya məruz qalmayan digər siçovullarda olduğu kimi, eyni sağlamlıq göstəriciləri aşkarlanıb. Onların bəzisi hətta daha çox ömür sürüb. Eyni zamanda tədqiqatçılar tərəfindən mobil telefonlardan həddən artıq istifadə etməmək və yuxu zamanı uzaqda saxlamaq tövsiyə edilir. Könül Cəfərli