Azərbaycanda texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ali təhsilli kadrların hazırlanması iqtisadiyyatın tələblərinə yaxınlaşmağa başlayıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Twitter"də yaydığı məlumata əsasən ehtimal etmək mümkündür. Nazirin sözlərinə görə, bu sahələr üzrə ixtisaslaşmış kadrların məşğulluğu 70 % təşkil edir.
"Nazirliyin apardığı təhlillər göstərir ki, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrlara əmək bazarında yüksək tələbat müşahidə olunur. 2022-ci ilin son rübünə olan məlumatlara əsasən bu ixtisas qrupları üzrə 2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 % təşkil edir"- deyə Mikayıl Cabbarov qeyd edib.
2014-2020-ci illərdə Azərbaycanda texniki və texnoloji ixtisaslar üzrə təxminən 48-50 min, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 42-45 min ali təhsilli kadr yetişdirilib. Yəni ölkənin ali məktəbləri hər il orta hesabla 7 min mühəndis və 6 min iqtisadçı üçün iş yeri təmin edilib.
Burada iki amil rol oynayıb. Əsas səbəb həmin illər ərzində xüsusilə də iqtisadiyyatın qeyri-neft/qaz sektorunda müşahidə edilən sürətli inkişafla bağlıdır. Bu illər ərzində ölkənin qeyri-neft sektoru hər il orta hesabla 3,5 faiz artıb. Yəni Azərbaycanda qurulan sənaye parklarında açılan yeni iş yerləri mühəndis və iqtisadçı kadrlarına tələbi artırıb.
Amma ali təhsil müəssisələri də tələbə uyğun kadr hazırlağına keçməyə başlayıblar. Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov REAL-a müsahibəsində bildirib ki, ali təhsil müəssisələri planlı sovet iqtisadiyyatında alışdıqları praktikadan imtina etməlidirlər.
Sovet illərində Azərbaycanın texniki və texnoloji təhsil verən ali təhsil müəssisələri əsasən bütün İttifaq üçün kadrlar hazırlayırdılar. Məsələn, indiki Texniki Universiteti ni1986-cı ildə elektron texnika mühəndisi ixtisası üzrə rus və Azərbaycan bölmələrini qurtarmış 100 nəfərin yalnız 40 nəfəri Bakının və Gəncənin hərbi sənaye müəssisələrində işlə təmin olunmuşdu. Qalan 60 nəfər Sovet İttifaqının digər respublikalarına yola salınmışdı. Müstəqillik illərində Azərbaycandakı sovet hərbi sənaye müəssisələri bağlandılar və bu kadrlar işsiz qaldılar. Amma Texniki Universitet buna uyğun ixtisaslarda kadr hazırlığını davam etdirdi. Həmin kadrlar ixtisasdan kənar işlərdə çalışmağa məcbur idilər, yalnız 2010-cu illərdən sonra bu kadrlara nisbi tələb yarandı.
İstənilən halda, ali təhsil müəssisələri istehsaldan bir addım qabaqda olmalıdırlar. Çünki bəzi istehsal sahələri məhz bu sahələrdə yetişmiş kadrların innovativ yanaşmaları sayəsində ortaya çıxır. Məhz bu amil ali təhsil müəssisələrini çağdaş trendləri izləməyə vadar edir. Nəticə isə ölkə iqtisadiyyatı üçün müsbət olur, yeni əlavə dəyər sahələri və insanlar üçün daha modern gəlir mənbələri yaranır.
REAL