AZ
Video yüklə

Qızıldan qiymətli zəhər

12 baxış Sosial xəbərlər
Əbəs yerə demirlər ki, “ilanın ağına da lənət, qarasına da”. Lakin məsələ təkcə bu canlını lənətləməklə bitmir. Onlar yer üzünün ən təhlükəli varlıqlarından biri hesab edilirlər. Bəzi sakinlər ilanların əlindən əməlli-başlı vəlvələyə düşüblər. Bildirirlər ki, xüsusilə də yaz-yay mövsümündə həyət-bacalarından, hətta 60-a yaxın ilan öldürürlər. Mütəxəssislər isə deyir ki, sürünənləri öldürmək vəziyyətdən çıxış yolu deyil. İlanların zərərsizləşdirilməsi üçün Zoologiya İnstitutunda xüsusi xidmət yaradılıb. Tövsiyə edilir ki, ilan gördükdə sözügedən xidmətə müraciət olunsun. Əks təqdirdə sürünənlər "Qırmızı kitab"a düşmək təhlükəsi ilə üzə-üzə qala bilərlər. Mütəxəssislər deyir ki, insanların ilanlar haqqında neqativ fikirdə olması bu məsələni daha da aktuallaşdırır. İnsanların çoxu ilanların faydasından xəbərsizdır. Azərbaycanda olan 28 növ ilanın 4-5 növündən, xüsusilə də gürzə ilanlarının zəhərindən müxtəlif dərmanlar hazırlanır. Bu ilanların ən geniş yayılmış növü Cənubi Qafqaz gürzəsidir ki, onlar da aran bölgəsində daha çox yayılıb. Yeri gəlmişkən, Zoologiya İnstitutunda hazırda 19 kq-a yaxın ilan zəhəri saxlanılır. Bu da 20 milyon ABŞ dolları deməkdir. Milyonlarla dollarlıq ilan zəhərinin istifadəsiz qalması təəssüf doğurur. 1994-cü ildən ilan zəhəri istehsal edən zavodun fəaliyyəti dayandığından bu məhlul anbarlarda yığılıb qalıb. SSRİ dövründə Bakının Zirə və digər qəsəbələrində kombinatlar fəaliyyət göstərirdi ki, orada da müxtəlif dərmanlar istehsal olunurdu. Sərmayədarların azalması, dünya bazarına çıxışın olmaması bu sahəyə marağı tamamilə yox etdi. Amma dünyada bu gün də ilan zəhərindən tibbdə, təbabətdə geniş istifadə olunur. Azərbaycanda istehsal edilən ilan zəhəri SSRİ məkanının 70 faizini təmin edirdi. İndi ölkəmizdə yenidən bu sahədə canlanma olacağı gözlənilir. İlan zəhərinin dünya bazarına çıxarılması üçün artıq sənədlər hazırlanır. Bu sahə iqtisadiyyata həmişə böyük gəlir gətirib. İqtisadçılar deyir ki, əgər bu gün Azərbaycanda dərman istehsalı ilə bağlı müəyyən addımlar atılırsa, ilan zəhərinə təlabat da artacaq. Dünyada ilan zəhərinin qeyri-leqal yolla satışı qanunla qadağan edilib. Azərbaycanda da kortəbii şəkildə, texnoloji qaydalara əməl etmədən, faunaya ziyan vuranlar məsuliyyətə cəlb oluna bilərlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.