Azərbaycanın xəritədəki cizgilərilə qartal timsallı, Bakının da onun gözü kimi TV-də ara-sıra gedən təsvirinə hamı alışıb. Çoxları bilmir ki, bunu poetik bir obraz qismində ilk dəfə Qasım Qasımzadə XX əsrin 60-cı illərinin əvvəllərində Bakı şəhərinə həsr etdiyi bir şeirində ifadə edib. 1993-cü ildə əməkdar rəssam Görüş Babayev şairin məzarının bürüncdən baş daşını da həmin təsvirdə yaratdı. Obrazlı təsvirin 1993-cü ildən TV-yə adlaması məhz həmin tarixdən başlayır.
QARTAL GÖZÜ
İlahi, bu torpağım
Necə sirli möcüzə.
Adicə şəkliylə də
Yenə dərs verir bizə.
Durma vətən övladı
Xəritəyə nəzər sal,
Düşün nəyi öyrədir
Gördüyün uca qartal.
Gör necə də ləngərlə
Süzür qoşa qanadlar!
Qartalındır, qartalın
Bu əzəmət, bu vüqar.
Kim deyər ki, var onun
Özgə quşa bənzəri?
Dimdiyində aparır
Elə bil ki, Xəzəri.
Bakı! Sən bu qartalın
Yanar, parlaq gözüsən.
Bədnəzərin gözünə
Batan oxun özüsən!
Gəlin, bir də seyr edək
Xəritədə Bakını.
Kim görmüş
gözün belə
Şəffafını, pakını!
Milyon çıraqlı o göz
Zillənibdir uzağa.
Qartal cürət etməzdi
Onsuz qanad açmağa –
Milyon çıraqlı o göz
Şəfəqlədib yolunu.
Tufanlardan keçirmiş
Qanadını, qolunu.
Milyon çıraqlı o göz
Yerə, suya səpir nur,
Ulduzlara göz vurur.
O qocaman qartalı
Uca, nurlu göylərə,
Bir uğurlu səfərə
Uçurduqca uçurur…
Mənbə: Nəriman Qasımoğlu https://www.facebook.com/nariman.gasimoglu/posts/1727522997360222
Musiqi: Eagle Rock 2:51 Wes Hutchinson Country ve Folk | İlham Verici
Şeiri oxuyan: Aygün Paşazadə