Olimpiadada 9 sual səhv olub? - Rəsmi açıqlama

  • 11.04.2025
  • 0

Fevralın 23-də Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turu zamanı olimpiada iştirakçılarına təqdim olunan 30 tapşırıqdan 7-si  səhv, 2-si isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyən mövzulardan tərtib olunub. Bununla da 30 tapşırıqdan 9-u səhv olub

Bax tv “BakuPost”a istinadən xəbər verir ki, bu iddiaları riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyev səsləndirib. 

O bildirib ki, ARTİ tərəfindən təşkil olunan bu olimpiadalarda iştirakçıların apellyasiya hüququ da yoxdur. 

Bundan başqa, Rəşid Əliyev qeyd edib ki, çoxsaylı müraciətlərdən sonra Olimpiadanın Təşkilat Komitəsi 4 tapşırığın səhv olduğunu etiraf edərək, bu tapşırıqlar üzrə olimpiada iştirakçılarının hər birinin cavabını doğru qəbul edib. 

Məsələ ilə bağlı Təhsil İnstitutuna sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə belə cavab verildi: 

“9 sualın səhvliyi ilə bağlı iddia əsassızdır. Dörd sualda kiçik texniki problem olub və bütün iştirakçıların lehinə həll olunub”.