Cənub bölgəsində numizmatika muzeyi yaradılacaq. Bu, numizmatikanın öyrənilməsi, geniş ictimaiyyətə tanıdılması, ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli və əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq baxımından əhəmiyyətlidir. Lənkəranda ötən ayın sonlarında XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkələr aşkar edilib. Dirhəm və fəlslərdən ibarət sikkələr o dövrün 17 ilini əhatə edir. Bu qədər dəyərli tapıntıya verilən ilk qiymət isə ürəkağrıdıcı olub. Qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunur və aparılıb dəyər-dəyməzinə metaltoplama məntəqələrinə təhvil verilir. AMEA-nın Lənkəran Elmi Mərkəzinin Arxeologiya Şöbəsinin müdiri Mais Cəfərov: “Metal əşyalar qəbul olunan məntəqədə bu pulları təsadüfən əldə etdik. Bunları təmizlədikdən sonra bizə məlum oldu ki, bunlar mis sikkələrdir və Atabəylər dövrünə aiddir.” Dirhəmlərin üzərində “La ilahə iləllah Muhəmmədən rəsul Allah” və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan şəhərin adı, ili və Atabəy Eldəgəzin adı həkk olunub. Bu da onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur. Mis sikkələrin tədavülü o dövrdə gümüş böhranı ilə əlaqədar olub. Tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur. Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərin araşdırlması baxımından xüsusi əhəmiyyət daşıyan qaynaq rolunu oynayır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, 11-12-ci əsrlərin ticarət şəbəkəsi olan ipək yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib. Və bu ucqar yerlərdə də ticarət mövcud olub. Tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən müsahibimiz əlavə etdi ki, eyni zamanda sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə planda numizmatika muzeyinin təşkili də var. AMEA-nın Lənkəran Elmi Mərkəzinin Arxeologiya Şöbəsinin müdiri Mais Cəfərov: “Xüsusilə bu bölgəyə turistlər gələndə onlar tarixlə maraqlanırlar. Biz burada numizmatik muzey yaratsaq o kataloq da onlar üçün bir yol göstərici rol oynayacaq. Onlar baxacaqlar - bizim tariximizi biləcəklər. Sikkələrin böyük bir əhəmiyyəti ondan ibarətdir ki, bu bizim dövlətçilk tariximizdir.” 2013-cü ildə Cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri Azərbaycan Tarix Muzeyinin numizmatika və epiqrafika şöbəsində saxlanılır.