Betmən, Spaydermən kimi xəyali qəhrəmanların yerini artıq real tarixi şəxsiyyətlər tutacaq. APA TV-nin xəbərinə görə, Yüksək Texnologiyalar Parkı ilk dəfə olaraq milli komiks yaradıb. "Bakutel 2017" sərgisində öz stendi ilə çıxış edən YTP-nin layihə rəhbəri Anar Əkbərli bildirib ki, ilk olaraq "Koroğlu" dastanından başlayıblar: "Bizim layihəmiz komikslərlə bağlıdır. Bu, Azərbaycanın ilk milli komiksidir. Xaricdə bir çox uydurma, xəyali qəhrəmanlar var, çox böyük bir sənayeyə çevrilib komiks sənayesi. Biz də dedik niyə bunun milli formasını yaratmayaq, daha milli, öyrədici, daha doğma olsun. İlk olaraq "Koroğlu" dastanından başladıq. Bu seriya şəklində olacaq birinci sayımızdır, hələ rəsmi olaraq satışa çıxmayıb. Bununla yanaşı, biz Mübariz İbrahimovdan Şah İsmayıla kimi tarixi şəxsiyyətlərimizi öz qurduğumuz bir süjet üstündə, tarixi cizgi romanı formasında təqdim edəcəyik. Paralel olaraq biz həm də bütün personajların 3D modellərini hazırlamışıq". Layihə rəhbəri gələcəkdə komiks sahəsini bütünlüklə əhatə edəcəklərini deyir: "Komiks sənayesi dünyada belə işləyir, komik kitablardan, jurnallardan başlayıb, oyuncaqlar, oyun, film, animasiya, geyimlər və s. sahələrdə irəliləyir. Komiks sahəsinin istiqaməti bu sahədədir. Biz də bütün nöqtələrə toxunmağa çalışırıq". Qeyd edək ki, "Bakutel-2017" XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı dekabrın 8-dək davam edəcək. Builki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayır. Tədbir iştirakçılarının 40%-ni "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30%-ni təşkil edirlər. Sərgidə yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq.