Yol polisi əməkdaşlarının vətəndaşlara qarşı kobud davranışları son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez sosial şəbəkələrdə video-görüntülər paylaşılır. Bəs, vətəndaşları narazı salan, onlarla kobud davranan DYP əməkdaşları ilə bağlı hansı tədbirlər görülür? Məsələn, son bir ildə neçə nəfər yol polisi bu cür davranışlarından dolayı cəzalandırılıb? Bununla bağlı Sputnik Azərbaycan-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu cür hallara qarşı intensiv mübarizə aparılır. "2016-cı ildə 712 nəfər Dövlət Yol Polisi əməkdaşı sürücülərin hüquqlarını pozduğuna, kobud rəftara yol verdiyinə və digər səbəblərə görə intizam qaydasında cəzalandırılıb. Həmin müddətdə 43 nəfər xidmətdən xaric olunub, 9-u tutduğu vəzifədən azad edilib, 660 əməkdaşa isə digər intizam tənbehləri verilib" — K.Əliyev bildirib. Cari ilin rəsmi statistikasına gəldikdə isə, şöbə rəisi diqqətə çatdırıb ki, 2017-ci ilin statistikası ilin yekununda müəyyən olunacaq.