▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂
▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬
Əfv nədir? Azərbaycanda əfv
Əfv — sanki müvafiq hərəkət heç baş verməmiş kimi, şəxsi iddia edilən cinayət və ya digər hüquq pozuntusuna görə təqsirləndirilmək və məhkum olunmaqdan azad edən hökumət qərarıdır.
Dövlətlərin yurisdiksiyalarından asılı olaraq əfv cinayətə görə məhkum olunmazdan əvvəl və ya məhkum olunduqdan sonra verilə bilər.
Azərbaycan dilinin izahlı lüğətində əfv sözünün izahı günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama kimi göstərilib.
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinə əsasən, əfv etmə ilə bağlı referendum keçirilə bilməz. Konstitusiyasının 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
Azərbaycan Respublikasında məhkum edilmiş şəxslərin əfv olunması Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir. 18 iyul 2001-ci ildə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”yə əsasən əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, həmin Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir. Həmin Əsasnaməyə görə əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə:
*məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;
*məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;
*məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı müvafiq dövlət orqanları tərəfindən sərəncamda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır.
Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.
Qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82-ci maddəsi “Əfvetmə” adlanır. Eyni müddəalar orada da göstərilmişdir. Belə ki, həmin maddəyə əsasən, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 356-cı maddəsinə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir.
“Əfvetmə haqqında Əsasnamə”yə əsasən əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.
Müraciətin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının səlahiyyətlərinə aid olması müəyyən edildikdə, müvafiq qaydada Əfv məsələləri sektoru müraciət və ya vəsatət daxil olduğu gündən üç ay müddətində tərtib etdiyi əfvetmə barədə məsələ üzrə toplanmış sənədləri və ümumi arayışı mahiyyəti üzrə baxılmaq üçün Əfv Məsələləri Komissiyasına göndərir. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
Musiqi: Allegations of Investigations 1:59 Jesse Gallagher Sinematik | Dramatik