Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub. Bu barədə Nurlan Məmmədov Minval.info saytına məlumat verib. O, plastik düyünü Binəqədi rayonunun 8-ci mkr ərazisində Süleyman Sani Axundov küçəsində fəaliyyət göstərən mağazalardan birindən aldığını bildirib. “Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma gəlmədi. Plastik düyü olduğundan şübhələndim. “Yutub”da bununla bağlı test video görmüşdüm. Mən də düyüdən bir qaşıq tavaya qoyub peçin üzərində qızdırdım. Düyü dənələri istilikdən əriməyə başladı” – Nurlan bəy deyib. Paytaxt sakini hamını mağazadan mal alarkən diqqətli olmağa çağırıb. O, müvafiq dövlət qurumlardan bununla bağlı ciddi addımların atılmasını xahiş edib. Kiçik araşdırmamız zamanı məlum olub ki, məhsul “Aliimdad” firmasına məxsusdur. Xatırladaq ki, mağazalardan saxta düyü ilə yanaşı, belə yumurtaların da satıldığı bildirilir.