Xəbər verdiyimiz kimi, Odlar Yurdu Universitetinin bufetində stullar yığışdırılıb. Yaranmış vəziyyət ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə cavab olaraq universitetin prorektoru Qabil Qafarov açıqlama verib.
Prorektor bildirib ki, universitet Avropa təhsil ocaqlarına uyğunlaşır.
“Biz xarici ölkələrdə, onların ali təhsil müəssisələrində səfərlərdə olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunur. Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq. Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub. Oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür”.
Qeyd edək ki, bundan öncə universitetdən edilən açıqlamada bufetdəki stulların götürülməsinə səbəb kimi isə "tələbələr bufetdə çox vaxt keçirir" deyə bildirilmişdi.
Metbuat.az