Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu məsələləri Gürcüstanın paytaxtı Tbilisidə müzakirə olunub. “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda keçirilən beynəlxalq parlament konfransında qeyd olunub ki, İttifaqa inteqrasiya üçün qarşılıqlı və çoxtərəfli əməkdaşlıq vacibdir. “Şərq tərəfdaşlığı” sammitində qəbul olunan sənədlərin proqrama üzv ölkələrə praktiki bəhrələr gətirəcəyi diqqətə çatdırılıb. Konfransda Avropa Parlamentinin nümayəndələri, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının üzv ölkələri - Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukrayna parlamentlərinin komitə sədrləri və digər rəsmi şəxslər iştirak edib. Toplantı İttifaqın tərəfdaşları ilə hazırkı və gələcək əməkdaşlıq məsələlərini müzakirə etməyə imkan verəcək.