Özünü təşkilatın rəis müavini kimi təqdim edərək vətəndaşların pulunu mənimsədiyi iddia edilən Aylin kimdir?
Oxu24.com-a vətəndaşlar tərəfindən daxil olan şikayətə görə, bölgələrdə özünü "Azərbaycan Qızıl Aypara Cəmiyyəti"nin rəis müavini kimi təqdim edən bir qadın, imkansız və fiziki məhdudiyyətli ailələrin etibarından sui-istifadə edərək onlara "ömürlük sosial yardım kartı düzəldəcəyəm" vədi verib.
Aldatdığı insanlardan "kartın rəsmiləşdirilməsi rüsumu" adı altında nağd pul qoparan bu şəxs, vəsaiti əldə etdikdən dərhal sonra zərərçəkmişləri "WhatsApp"da blok edərək aradan çıxıb. Ən rüsvayçı məqam isə budur ki, fırıldaqçı qadın öz çirkin əməli üçün ulu öndər Heydər Əliyevin ad gününü və şəhid ailələri, qazilər, əlillər kimi həssas qrupları bəhanə gətirib.
Oxu24.com-a müraciət edən zərərçəkmiş vətəndaş, anasının və qonşuluqdakı imkansız bir ailənin bu şəbəkənin qurbanına çevrildiyini bildirib və hadisənin təfərrüatlarını sübut edən faktları təqdim edib.
Şikayətçinin redaksiyamıza verdiyi məlumata görə, naməlum bir qadın rayonlarda fərdi şəkildə insanlarla əlaqə yaradaraq özünü "Beynəlxalq Xarici Humanitar Təşkilat"ın və "Azərbaycan Qızıl Aypara Cəmiyyəti"nin nümayəndəsi kimi qələmə verir. İnsanların etibarını qazanmaq üçün isə rəsmi dövlət tədbirlərinin və xüsusi günlərin adından istifadə edir.
Dələduzluq məqsədilə vətəndaşlar arasında yayılan saxta bildirişdə deyilir:
“Hörmətli Qızıl Aypara Cəmiyyətində üzv olan şəxslər! Bu gün Qızıl Aypara Cəmiyyətində xarici vətəndaşlar tərəfindən Heydər Əliyevin ad günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün cəmiyyətlə əlaqə saxlamağınız xahiş olunur. Tədbirdə torpaqları geriyə qaytarılan şəxslər, yaşlılar, əlillər, öhdəsində xəstəsi olan valideynlər üçün 185 nəfərə 400 AZN-dən 1000 AZN-ə qədər ömürlük təqaüd kartları təqdim olunacaq. Ətraflı məlumat almaq üçün Qızıl Aypara Cəmiyyətində rəis müavini Aylin Ömər qızı Həsənova ilə əlaqə saxlamağınız xahiş olunur.
Telefon: 050 653 10 36".


























