Mixeil Saakaşvili müddətsiz aclıq aksiyasına başlayır. APA-nın "112 Ukrayna"ya istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Ruslan Çernolutski bildirib. Vəkilin sözlərinə görə, Saakaşvili bəyan edib ki, ona qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır və siyasi xarakter daşıyır. “Hakimiyyət məni yalançı ittihamlarla həbs edib. Bununla sizi qorxutmaq istəyirlər”, Saakaşvilinin tərəfdarlarına ünvanladığı məktubda deyilir. Ukrayna Baş prokurorluğu Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq. Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili ötən axşam Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.