Bu ağır və şərəfli döyüş günlərində şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım da əsgərlərimizə xeyir-dua verib. "Salam, mənim əsgər balalarım! Allah üstünüzdə yar olsun, sizi qorusun. Peyğəmbərlərimizin əlləri kürəyinizdə olsun. Mən general Polad Həşimovun yox, hamınızın anasıyam. Bütün dualarım sizinlədir. Gecə-gündüz əl qaldırıb, sizə dua edirəm. Mənim general balamın əsgərləri, döyüş yoldaşları! Hamınıza can sağlığı arzu edirəm. Təşəkkürümü bildirirəm. Döyüşün, Poladımın qanını yerdə qoymamağınız üçün dua edirəm. Qolunuz qüvvətli olsun ki, Poladımın ən böyük arzusunu yerinə yetirəsiniz. Bayrağımızı Şuşada, Xankəndidə sanca biləsiniz. Elə o məqamda "Əziz generalım, bu qələbəni sənin ruhuna hədiyyə edirik" sözünü deyəsiniz. General anası kimi ordumuzun qarşısında baş əyirəm, cənab Prezidentimizin yanındayam. Qoy Ali Baş Komandanımızın canı sağ olsun ki, ordumuz da möhkəm olsun. Bilsin ki, biz də onun arxasındayıq. Əziz balalarım, qələbə gününədək döyüşün ki, biz şəhid analarına müjdə verəsiniz. Biz də sizi bağrımıza basaq" – deyə generalımız Polad Həşimovun anası qeyd edib.