“Omikron” ştammı ilə mübarizənin yeni mərhələsi

  • 11.05.2022
  • 0

Çində COVID-19 böhranının yeni ocağı olan paytaxt Pekində epidemik vəziyyət ağırlaşmaqda davam edir. Şəhər hökuməti mayın 11-də başa çatmalı olan karantin tədbirlərinin müddətini qeyri-müəyyən müddətə uzadıb, yeni qadağa və məhdudiyyətlərin tətbiqinə başlanılıb. Rəsmilər isə Çinin “Omikron” dalğası ilə mübarizəsinin yeni mərhələsinin başladığını bəyan edirlər.

Paytaxtda artıq 10 gündən çoxdur davam edən bəzi qadağa və məhdudiyyətlərin, o cümlədən məktəblərdə əyani dərslərin təşkilinə, kafe və restoranlarda yerində xidmətlərin göstərilməsinə, əyləncə və mədəniyyət mərkəzlərinin, o cümlədən kinoteatr və muzeylərin, qalereyaların, idman zallarının, bəzi parkların, ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağaların müddəti uzadılıb. Bütün kütləvi tədbirlərə, o cümlədən idman yarışlarına qoyulan qadağalar qüvvədə saxlanılıb.

Pekində virusla mübarizə tədbirləri çərçivəsində kütləvi test prosesi də davam edir. Bunun üçün yaşayış məhəllələrində və iş yerlərində yüzlərlə səyyar test məntəqəsi fəaliyyət göstərir. Sakinlər demək olar ki, hər gün test verirlər. Test verilməsi könüllü xarakter daşısa da, bəzi məkanlara, o cümlədən dövlət qurumlarına, ictimai məkanlara, ofis binalarına və otellərə girişdə son 48 saat ərzində verilmiş koronavirus testinin neqativ nəticəsi tələb olunması sakinləri mütləq qaydada test verməyə vadar edir.

Mütəxəssislər hazırkı “omikron” dalğasını Çinin Uhan böhranından sonra COVID-19 virusu ilə 2-ci böyük mübarizəsi hesab edirlər

“Pekində virusla mübarizə dalana dirənib. Biz dinamik “Sıfır COVİD” siyasətinə, 24 saatlıq müalicə qaydalarına sadiq qalmalıyıq. Yoluxma zəncirinin dayandırılması və yeni yoluxmaların qarşısnın alınması üçün sürətli hərəkət etməklə, dinamik “Sıfır COVİD” siyasətinin həyata keçməsinə və epidemiyaya tam qalib gəlməyə nail olmalıyıq”, - Pekin meriyasının sözçüsü Su Hecien deyib.

Epidemiya ilə mübarizə tədbirləri çərçivəsində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağalar da qeyri-müəyyən müddətə uzadılıb. Paytaxtın ən iri rayonlarından olan və hazırki dalğada ən çox yoluxmaların qeydə alındığı Çaoyanda 100-dən çox xətt üzrə avtobusların fəaliyyəti dayandırılıb və ya dəyişdirilib. Bundan başqa, Paytaxtda bir neçə metro xətti üzrə stansiyalar bağlanıb.

İctimai nəqliyyatın fəaliyyət göstərmədiyi ərazilərdə yaşayan təxminən 4 milyona yaxın adamın evdən işləməsi tövsiyə olunub. İş yerinə getməsi vacib olanlar isə yalnız fərdi nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Tibbi ehtiyaca görə xəstəxanalara getməli olan insanlar üçün xüsusi taksi xidməti də təşkil edilib. Hazırda Pekindəki 21 yüksək riskli və 34 orta riskli zonanın, habelə yoluxmaların qeydə alındığı bütün məhəllələrin sakinləri yaşadıqları yeri tərk edə bilməzlər. Bundan başqa, şəhərlərarası avtobusların, habelə qatar və təyyarə reyslərinin da sayının azaldıldığı bildirilir.

Qeyd edək ki, martın əvvəlindən Çinin müxtəlif yaşayış məntəqələrində əsas hissəsi “omikron” ştamı olmaqla virusa yoluxmaların çoxalması fonunda epidemik vəziyyət gərginləşib. Aprelin 22-dən etibarən Pekində də yoluxmaların aşkarlanması səlahiyyətli qurumları, elə paytaxt sakinlərini də təşvişə salıb. Əslində 21 milyon sakini olan Pekində sutkalıq yoluxma göstəricisi ikirəqəmli ədədlə ifadə olunsa da, “Sıfır virus” siyasətinin tətbiq olunduğu Çində yoluxuculuq qabiliyyəti yüksək olan “omikron” ştamının sürətlə yayılma ehtimalı narahatlıq doğurur. Pekinin səlahiyyətli qurumları şəhərdə gizli yoluxmaların olmasını istisna etmir. 45 gündən çoxdur qapanmanın tətbiq olunduğu Çinin işgüzar mərkəzi olan Şanxayda da infeksiya ilə mübarizə tədbirləri çəçivəsində metrounun fəaliyyəti tam dayandırılıb. Çinin müxtəlif şəhərlərində kütləvi test prosesinin sakinlərə daha rahat olması üçün səyyar məntəqələrin sayı çoxaldılıb. Başqa sözlə, hər sakin evindən 15 dəqiqəlik piyada məsafədə olan səyyar test məntəqəsi tapa bilər. Çinin gündəlik COVİD-19 testetmə imkanı 50 milyondan çoxdur. Əgər kompleks testetmə sistemi tətbiq olunarsa, yəni 20 nümunə eyni vaxta yoxlanılarsa, onda gündə 1 milyard nəfəri test etmək olar.