Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın “İsraillə əlaqələri kəsəcəyik” fikirlərinə rəsmi Tel-Əvivdən cavab gəlib. APA TV-nin məlumatına görə, İsrailin xarici işlər naziri Emmanuel Nahson bildirib ki, “Ərdoğan tanısa da, tanımasa da, Qüds yəhudilərin 3 min illik, İsrailin isə 70 illik paytaxtıdır”. Ölkənin təhsil naziri Naftali Benett isə bildirib ki, Ərdoğan Trampın açıqlaması ətrafında yaranan gərginlikdən İsrailə problem yaratmaq üçün istifadə edir: "Təəssüf ki, Ərdoğan son illərdə İsrailin üstünə gəlmək üçün heç bir fürsəti əldən qaçırmayıb. İsrail Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması da daxil bütün hədəflərinə doğru irəliləməlidir. Hər zaman tənqid ediləcək bir nəfər tapılır, amma yekun nəticədə birləşmiş bir Qüdsə sahib olmaq Ərdoğanın sevgisinə sahib olmaqdan daha yaxşıdır". İsrailin nəqliyyat və kəşfiyyat nazirliklərinə rəhbərlik edən İzrael Katz isə bildirib ki, Ərdoğan İsrailə əmr vermək səlahiyyətinə sahib deyil: “Türkiyə prezidenti bizə əmr edə bilməz. İsrail müstəqil bir dövlətdir və Qüds onun paytaxtıdır”.