İranın Yəməndəki səfirliyi hücuma məruz qalıb. APA TV-nin məlumatına görə, xəbəri hərbi mənbələr verib. Paytaxt Sənada qanuni hökumətə qarşı olan keçmiş prezident Əli Abdullah Salehin tərəfdarları ilə husilər arasında gedən döyüş zamanı İran səfirliyi raketlə vurulub. Raketin haradan atıldığı məlum olmasa da, səfirlik binasından tüstü yüksəldiyi qeyd olunur. Yəməndə qanuni hökumətə qarşı birlikdə hərəkət edən husilər ilə keçmiş prezident Salehin tərəfdarları arasında döyüşlər şənbə günü yenidən başlamışdı. Hər iki qruplaşma 2014-cü ildən bu yana qanuni hökumətə qarşı döyüşür. İran paytaxt Səna olmaqla ölkənin böyük bir hissəsini ələ keçirən husiləri dəstəkləyir. Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri isə husilərin irəliləməsindən narahatdır. Səfirliyin vurulmasının iki ölkə arasındakı müharibə vəziyyətini gərginləşdirəcəyi gözlənilir.