"Yol hərəkətinin təhlükəsizliyinə dair” Dövlət Proqramının icrasının 1 illiyinə həsr edilmiş müzakirə keçirilib.
Dekabrın 25-də "Excelsior” otelin konfrans zalında Prezident İlham Əliyev tərəfindən 27 dekabr 2018-ci il tarixdə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramının icrasının 1 illiyinə həsr edilmiş və ekoloji təmiz nəqliyyat vasitələrinin təbliğinə və təşviqinə dair ictimai müzakirə keçirilib.
Sfera.az xəbər verir ki, avtosfer.az saytının və Toyota Qafqaz şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi, Bakı şəhər Baş DYP İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Nəqliyyat Agentliyi, Yaşıllar Hərəkatı, Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dəmir Yolları və digər qurumlar, eləcə də nəqliyyat sahəsi üzrə ekspertlər, ictimai xadimlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələri olan hibrid və elektromobillərin ölkəmizə gətirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir: "Bir çox ölkələrdə hibrid maşınlarının ölkəyə gətirilməsində 60-70 faiz güzəşt tətbiq edir.
Azərbaycanda hibrid avtomobillərinə inam var, amma rüsumlar çox olduğu üçün insanlar əsasən köhnə versiyalar gətirirlər. Amma iki-üç ildən sonra təmir problemi yaranır və insanlar çətinliklər yaşayacaq. Biz istəyirik ki, həmin nəqliyyat vasitələrinin yeni versiyaları ölkəmizə gətirilsin və insanlar onları alsın. Təzə avtomobil təhlükəsizlik cəhətdən üstünlük təşkil edir. Yol-nəqliyyat hadisələrin artmasının bir səbəbi də avtomobilərin istismar müddətinin köhnə olmasıdır. Ölkədəki maşınların çoxu 30 ildən çox istismar olunur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, "Yol hərəkətinin təhlükəsizliyinə dair” Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir: "Orada bir neçə istiqamət nəzərdə tutulub. Onlardan biri ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsidir”.
R.Səttərzadə qeyd edib ki, avtomobilin ətraf mühitə zərəri araşdırılmalıdır:
"Avtomobillərin sayı son illər kəskin artıb. İnkişaf etmiş ölkələrdə istismar müddəti bitən avtomobillər istifadə olunmur. Azərbaycanda isə buraxılış ili 10 ildən çox olan avtomobillərin sayı 80 faiz təşkil edir. Ölkədə buraxılış ili 30, 40 ildən çox olan maşınlar da var. Bu proqramın icrasının əsas məqsədi ekoloji və yol təhlükəsizliyinnin təmin olunmasıdır”.
Nazirlik rəsmisinin sözlərinə görə, ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür: "Ekoloji cəhətdən təmiz olan - elektromobillər, hibrid avtomobillərdən istifadənin təşviq edilməsi işləri aparılır. Bu, həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir”.
Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, Dövlət Proqramı əsasən beş istiqamət ürə müəyyənləşdirilib: "Bunlardan biri yol hərəkəti sahəsində idarə edilmə, təhlükəsiz yollar, yol hərəkətinin təşkili və sair istiqamətlərdir. Sözsüz ki, hər bir istiqamt üzrə konkret tələblər qoyulub. Bu proqramın tərtib olunmasında kifayət qədər mütəxəssis cəlb olunub. Burada xarici ölkələrin təcrübəsindən istifadə edilib. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında DYP-nın konkret funksiyası olduğu üçün proqramın icrasında daha çox maraqlı tərəfik. Bir il ərzində proqramın icrasında kifayət qədər işlər görülüb”.
K.Əliyev bildirib ki, üç dövlət qurumu yol-nəqliyyat hadisələri ilə bağlı tədbirlər planı hazırlanıb: "Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqalədə Hallar Nazirliyi yol qəzası zamanı hadisə yerinə vaxtında çatma ilə bağlı birgə tədbirlər planı hazırlayıb. Sözügedən nazirliklərin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında qəza zamanı hansı işlərin görülməsi barədə regionlarda təlimlərə başlanılıb. Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib”.
Şöbə rəisi qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq, nəqliyyat vasitələrin texniki vəziyyəti ilə bağlı müddəlar var: "Avtomobillərin texniki vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də işlər görülür. Biz marağındayıq ki, nəqliyyat vasitləri, həm ekologiya az zərər vursunlar həm də təhlükəsiz olsunlar. Ölkəmizdə nəqliyyat parkında kifayət qədər köhnə avtomobillər mövcuddur. Buraxılış ili 10, 20, 30, 40, 50 il olan avtomobillər var ki, bu gün də istismar olunur. Onlar təkcə ekologiya zərər vurmur, eyni zamanda, avtomobildə olan sürücü və sərnişinlər üçün də müəyyən təhlükələr var. Sirr deyil ki, yol-nəqliyyat qəzaların artmasının bir səbəbi də müddət istismarı bitən avtomobilərin olmasıdır. Sərnişinlərimizin əksəriyyəti təhlükəsizlik kəmərlərini taxmır. Polisin nəzarəti sayəsində sürücülərin 80 faizində təhlükəsizlik kəmərindən istifadə etməsinə nail olmuşuq”.
Bakı Şəhər Baş Yol Polis İdarəsinin qərargah rəisi mayor Elvin Hüseynzadə bildirib ki, 2019-cu il ərzində dövlət proqramına uyğun olaraq işlər görülüb:
"Yol hərəkəti haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Bununla bağlı artıq proses başlayıb. Yeni yerüstü və yeraltı piyada keçidlərinin tikilməsi ilə də bağlı layihələr işlənilib. Hazırlanan sənədlər qaydalara uyğun olaraq müəyyən qurumlara göndərilib, onların da rəy və təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinə təqdim edilib”.
Millət vəkili Çingiz Qənizadə bildirib ki, Dövlət Proqramı layiqincə yerinə yetrilir:
"Hibrid növlü avtomobillərin ölkəyə gətirilməsində müəyyən qurumlar arasında fikir ayrılığı var. Bu məsələ öz həllini tapmalıdır. Çünki burada insan sağlamlığına xidmət edəcək maşınlardan söhbət gedir. Bu gün dünya ekoloji təhlükə ilə üz-üzə qalıb. Ətraf mühitin sağlamlığı ilə bağlı bütün tədbirlərə müsbət rəy verilməlidir”.
Toyota Qafqaz şirkətinin Azərbaycandaki təmsilçisi Sabir Kazimzadə hibrid avtomobillərinin üstünlüyündən danışıb: "Hibrid avtomobili işə düşən zaman elektrik motorla işə düşür. Yəni bu zaman avtomobildə heç bir yanacaq sərfiyyatı baş vermir və ekologiyaya heç bir zərəri yoxdur. Toyota hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini, elektrik motorunu özündə birləşdirir. Bu iki mühərrik bir-birindən müstəqil şəkildə işləyir ki, bu da Toyotanın tam hibrid sistemini digər yüngül hibrid avtomobillərdən fərqləndirən əsas xüsusiyyətdir. Bu avtomobillərdə heç bir preformans itkisi baş vermir. Çox qənaətcil avtomobildir”.
Şirkət olaraq 20 illik böyük bir təcrübəyə malik olduqlarını qeyd edən Sabir Kazımzadə əlavə edib ki, dünyada 12 milyondan çox hibrid avtomobillərinin satışı həyata keçrilib: "Xüsusi proqramlar çərçivəsində biz hibrid komponentlərinə verilən zəmanəti 10 il müddətinədək uzada bilirik. Elektrik enerjisindən hərəkətə başlamaq və hətta 50 km/saat sürətə qədər hərəkət etmək üçün istifadə edə bilər. Nəticədə sıfır yanacaq sərfiyyatı, sıfır ixrac qaz borusu emissiyası və şəhərdaxili hərəkətinizin 50 faizə qədəri səssiz olur. Hibrid texnologiyasına çox etibar edə bilərsiz. Bunun üçün biz zəmanət veririk. Hibrid avtomobilləri özü enerji yığdığı üçün batareyanın yenidən enerji yığması üçün şəbəkəyə qoşulmasına ehtiyac yoxdur. Çünki batareya boşalanda mühərrikin artıq enerjisi ona yenidən enerji yükləyir. Üstəlik, hibrid avtomobillərimiz regenerativ tormozlama funksiyasına malikdir, belə ki, siz əyləci basarkən və ya enişdə hərəkət edərkən generator sonra istifadə edilməsi üçün batareyada saxlanılan enerji hasil edir”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə müdiri Ramin Bayramov bildirib ki, 2018-ci ilin göstəricilərinə əsasən, dünyada elektrikli avtomobillərin sayı 5,1 milyon olub: "Bu, 2017-ci ilin statistik göstəricilərindən təxminən iki dəfə çoxdur. Bir sıra beynəlxalq təşkilatların apardığı araşdırmaya görə, 2030-cu ildə dünyada elektrikli avtomobillərin sayı 120 milyona çatacaq. Bu istiqamətdə Azərbaycanda da müəyyən layihələrin icrası lazımdır. Biz də bununla bağlı aidiyyatı qurumlarla əməldaşlıq edirik. Ümid edirik ki, bunlar elektrikli avtomobillərdən istifadənin ölkədə genişləndirilməsində müsbət rol oynayacaq".
Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı bildirib ki, istər dünyəvi, istərsə də şəriət qaydaları ilə yaşayan ölkələrə nəzər salsaq, yaşamaq hüququ insanın ən öndə gələn hüququdur:
"Bunlardan biri də ekoloji və təmiz havada yaşamalıdırlar. Fikrimcə, yeni seçiləcək parlamentdə görüləcək işlərdən biri ekologiya ilə bağlı olacaq. Belə avtomobillər Azərbaycanda istehsal olunsa, onun gömrük rüsumuna da ehtiyac qalmayacaq. Gömrük rüsumların ləğv edilməsini, ən azından 50 faiz aşağı salınmasını dəstəkləyirəm. Bununla yanaşı istehsal üçün stimullaşdırıcı tədbirlər olmalıdır. Xüsusi ilə də bu ideya ətrafında istehsalını qurmuş şirkətlər tamamilə vergidən azad olunması vacibdir".
BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, ekoloji təmiz şəhər nəqliyyatının qurulması BNA-nın əsas hədəflərindəndir. Həm sərnişindaşıma, həm də yol hərəkətinin təşkili ilə bağlı həyata keçirilən layihələrin bir məqsədi də məhz ətraf mühitin qorunmasına tövhə verməkdir. "Ekoloji təmiz şəhər nəqliyyatından danışarkən diqqət yetirilməli olan əsas ictimai nəqliyyatın inkişafı və insanlarda ictimai nəqliyyata marağı artırmaqdır. Məhz insanları ictimai nəqliyyata sövq etməklə biz ekoloji təmiz şəhər nəqliyyatına nail olmuş olarıq. Son illər həyata keçirilən tərbirlər nəticəsində şəhərimizdə avtobus parkı əhəmiyyətli dərəcədə dəyişib. Ən mühüm olanı isə ekoloji baxımdan daha təmiz olan CNG avtobuslar alınıb. Bu gün şəhərimizdə artıq 600 belə avtobus var və bu rəqəm artmaqdadır".
Avtomobil Dillerləri Assosiyasının rəhbəri Natiq Zərbəliyev isə bildirib ki, yeni avtomobillərin təşviqi və əhali üçün əlçatan olmalıdır: "Təhlükəsizliklə bağlı biz də dövlət qurumları ilə əlaqə saxladıq, görüşlər keçirdik və öz rəylərimizi bildirdik. Hibrid avtomobillərinin ölkəmizə gətirilməsi üçün gömrük rüsumlarında, texniki baxışında güzəştlər edilməlidir. Bu gün əhalinin əksəriyyətinin təzə avtomobil alıması üçün imkanı çatmır. Bunun üçün xüsusi kredit təklif olunmalıdır. Bu zaman ətraf mühiti korlayan digər avtomobillər idarə edilmədən çıxarıla bilər. Biz istənilən quruma təklifi üçün açığıq".
Daha sonra tədbirdə Azərbaycan Dəmir Yollarının şöbə rəisi Nəriman Nəcəfov çıxış edərək ekologiyanı qorumaq üçün ADY tərəfindən atıllan addımlardan və bu sahədə edilən yeniliklərdən danışıb.
Sığorta eksperti Xəyal Məmmədxanlı da ekolojl nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi üçün güzəştlərin vacib olduğunu bildirib.