Bura Bakının vizit kartıdır - Fəvvarələr meydanı... “Torqovı” da adlanır bu meydan və dünyada turistlərin ən rahat, arxayın gəzdiyi yerlərdəndir.
Bu ərazidə cinayətlər də az olur, ən azından Daxili İşlər Nazirliyinin (DİN) 10 addımlığındadır. Dünən isə məhz burda iki nəfər soyuq silahla insanlara hücum edib: “Hadisə ötən gün axşam saatlarında bu ərazidə baş verib. Paytaxtın Səbail rayonu Nizami küçəsində. Başqa adla desək, “Tarqovı” adlanan ərazidə. İki gənc əlində bıçaqla ətrafdakı insanlara hücum edib. Onlar ətrafdakı insanları bıçaqla qorxudub, amma sonda özlərinə xəsarət yetirməyə cəhd ediblər”.
Yarıçılpaq xuliqanlar “Torqovı”dakı şoudan əvvəl daha ciddi cinayət etmək fikrində olub. Onlar Ü.Hacıbəyov küçəsindəki marketlərin birində oğurluğa cəhd edib. Market işçilərinin duyuq düşdüyündən onların niyyəti baş tutmayıb. Bəlkə də gənclər elə bu cinayətin izini itirmək üçün Fəvvarələr meydanındakı şouya əl atıb. Təbii, bunu istintaqla müəyyən edəcək.
39-cu Polis Bölməsi əməkdaşlarının yaxaladığı gənclərin Yevlax rayon sakinləri - əvvəllər qəsdən sağlamlığa ağır xəsarət yetirmə və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.
Yeri gəlmişkən... Kadrlara diqqətlə fikir verənlər yəqin ki, qaçırmayıb. Yarıçılpaq vəziyyətdə olan gənclərdən birinin çiyinlərində kriminal aləmin əsas işarələrindən olan dörd guşəsi uzun, dörd guşəsi nisbətən qısa olan səkkizguşəli ulduz - “vosmi” tatuları vurulub. Qeyd edək ki, bu işarələri isə uzun müddət həbsxana həyatı keçirən cinayətkarlar - “qanuni oğrular” və ya kriminal aləmdə nüfuz sahibi olanlar daşıyır.
APA TV-nin araşdırması zamanı məlum olub ki, 16 yaşlı Məmmədov soyadlı şəxsin Maho kimi tanındığı bildirilir. Yasin Abdullayev isə 23 yaşındadır və atası da məhbus həyatı yaşayır.
İstənilən halda bu hadisə Bakının düz mərkəzində baş verib və asayiş pozuntusu, təhlükə kimi dəyərləndirilir. Sakinlər də narahatdır: “İnsanların rahatlığını pozurlar. Dünən də sosial şəbəkələrdə gördüm. Fikrimcə gec müdaxilə etdilər, vaxtında etməli idilər. Çünki kiməsə xəsarət yetirə bilərdilər. Bundan əlavə də mən bir-iki dəfə burada görmüşəm, sərxoş halda gəzənlər var, bu düzgün deyil”.
Gənclər bu tip hadisələrin psixoloji gərginlik yaratdığını bildirir:
“Bizə bir gənc kimi mənfi təsir edir. Gündəlik olaraq şəhərə çıxırıq, camaat ailəsi ilə gəzməyə çıxır. Belə hadisələr psixoloji gərginlik yaradır”.
Psixoloq Vəfa Əkbər deyir ki, ictimai yerlərdə aqressiv hərəkətlərə yol verənlər daxilən xoşbəxt deyil. Bu səbəbdən daxili aqressiya zahirə vurur və ictimai yerlərdə yolverilməz hərəkətlər edirlər: “Əksərən yeniyetməlik çağında insanda aqressiyaya nəzarət qabiliyyəti zəiflədiyi üçün o özünü çox vaxt haqlı hesab edir. Belə hal müşahidə olunan biri nəzarətdə olmalı, valideyn qayğısı ilə əhatələnməlidir. Əgər valideyn qayğısı və himayəsi çox aşağı səviyyədədirsə, diqqət göstərilmirsə, bu tip adamların qeyri-adekvat davranışı labüddür”.
Cinayət və cinayətkardan uzaq durmaq məsləhətdir. Əks halda ikisinin qurbanına çevrilə bilərik. O ki qaldı məsələyə, artıq araşdırmalara başlanıb.