Ramana kəndinə səyahət. Ramana qəsəbəsində “ Bakı Abadlıq” tərəfindən qəsəbənin Haqverdiyev, Vəli Vəliyev, Xanlar, C.Cabbarlı və Zərdabi küçələrində təmirə ehtiyacı olan divarlar sökülərək yenisi ilə əvəzlənib və suvanıb. Evlərin üstündə olan yararsız fasadlar dəyişdirilib, F.Köçərli, Yeni Ramana küçələrində divarlar rənglənərək abadlaşdırılır. Vəli Vəliyev və Zərdabi küçələrində “Azərsu” ASC tərəfindən kanalizasiya xəttinin çəkilişi davam etdirilir. Ramana qalasına gedən yol yenilənib və abadlaşdırılıb. Eyni zamanda, qəsəbənin S.Vəliyev, F.Köçərli, A.Səhhət və Şuşa küçələrində küçə işıqları çəkilib. Qəsəbədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam edir. Qəsəbənin Musa Nağıyev və Vəli Vəliyev küçələrinə yeni asfalt örtüyü vurulmuş, Həsən bəy Zərdabi, B.Babazadə, Ə.Haqverdiyev küçələrinə daş örtüyü döşənilmiş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir. Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub. Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri mərhələli şəkildə aparılır. Həmçinin rayonun bütün qəsəbələrində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir