"Hallabonq" və ya "dekopon" adlandırılan bu meyvə dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənən meyvədir. Bir ədəd hallabonqun çəkisi 350-400 qram arasında dəyişir. 500 qram olanları da var. Meyvənin diametri isə 8-10 sm-dir. Xarici görünüşünə görə həm portağala, həm də mandarinə bənzəsə də, forması bir qədər armudvaridir. Qabığı soyulduqdan sonra da görünüşü və dadı təqribən elə bu iki sitrus meyvəsinə bənzəyir.
Nadir sitrus bitkisi olan hallabonq sağlamlıq üçün çox faydalıdır. Meyvənin tərkibi insan orqanizmi üçün vacib olan müxtəlif vitaminlərlə zəngindir. Meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq baxımından xeyirlidir. Meyvə insan orqanizmindəki zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır.
Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat vardır.
Hallabonq ağacı əkiləndən 2-3 il sonra məhsul versə də, tam məhsula düşməsi təxminən 8-10 il ərzində mümkün olur. Qış aylarında ağaclardakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur. Hər bir hallabonq ağacı ildə 200-300 kiloqram məhsul verə bilir. Əkin yeri yaxşı olarsa, ildə 3-4 dəfə məhsul götürmək də mümkündür. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək olur. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur.
Hazırda hallabonq dünyada cəmi 5 ölkədə əkilir ki, onlardan biri də Azərbaycandır. Bu meyvənin vətəni Yaponiyadır. Hallabonq Yaponiyada ilk dəfə XX əsrin 70-ci illərində təbii seleksiya yolu ilə yetişdirilmişdir. Belə ki, bu meyvə 1972-ci ildə kiyomi və ponkan adlı mandarin sortlarının hibridi kimi yaradılmışdır. 2006-cı ildən bəri isə hər il mart ayının 1-i Yaponiyada "Dekopon günü" kimi qeyd olunur. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin Amerika Birləşmiş Ştatları və Braziliyada yetişdirilməsinə başlanılmışdır.