Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının həbs müddəti uzadılacaq.
BiG.AZ xəbər verir ki, bu barədə Cebhe.info-ya Fədayə Laçının vəkili Türkel Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva və onları aparan taksi sürücüsü Məhəmməd Hacıyevin həbs müddəti artırılıb: “Prinsipcə hamısının həbd müddətini bir-iki gün fərqlə eyni vaxtda uzadırlar. Artıq istintaq yekunlaşmalıdır. Uzatmağın heç bir əsası yoxdur. Adətən proses belə olur. Həbs müddəti artırılır və iş məhkəməyə göndərilir. Çünki bütün istintaq hərəkətləri yekunlaşıb”. Fədayə Laçının səhhətinə gəlincə, vəkil əlavə edib ki, hazırda ona qarşı normal, qənaətbəxş münasibət var: “Lazımi tibbi müalicə göstərilir. Məhkəmə keçirilən zaman saxlanıldığı təcridxanadan müalicə müəssisəsinə köçürülməsi üçün müraciət oluna bilər”.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub. Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.