Noyabrın 8-də Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib. “İTV”-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, toplantıda ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu, Aysel Məmmədovadır. Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub. Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib. Aysel pianoçu, vokalist və bəstəkardır.