Aprelin 14-də axşam saatlarında Xətai rayonu Seyid Əzim Şirvani küçəsi 23/19-cu məhəllədə 16 mərtəbəli 3 bloklu yaşayış binasında yanğın hadisəsi baş verib. Hadisə yerindəkilərin Cebhe.info-ya verdiyi məlumata görə, yanğına elektrik sayğaclarının alışması səbəb olub. Binada 3 minə yaxın ailənin yaşadığı deyilir. Yanğın axşam saatlarında baş verdiyindən çox sayda sakinin evdə olduğu bildirilir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti çağırılıb. İki saata yaxın davam edən yanğın söndürülüb. Sakinlərin sözlərinə görə, binanın birinci və ikinci mərtəbəsində yaşayanlar yüngül xəsarətlər alıb. Tüstüdən boğulma təhlükəsi ilə üz-üzə qalanlar əsasən azyaşlı uşaqlar olub. Onlara ilkin tibbi yardım göstərilib. Sakinlərinin sözlərinə görə, binada altıncı dəfədir ki, yanğın hadisəsi baş verir: “Komendant Venera Rüstəmovaya yaxınlaşıb dərdimizi söylə bilmirik. Yanında olan bir polis onu sözün əsil mənasında əlçatmaz edib. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri komendanta dəfələrlə elektrik sayğaclarının binadan çölə çıxarılması, pəncərələrdə açıq yerlərin qoyulması barədə xəbərdarlıq etsə də, Venera xanım tələblərə əhəmiyyət verməyib. Çünki bilir ki, buna əlavə xərc çəkməli olacaq. Komendant ayda 10 min manata yaxın kommunal xidmət haqqı yığsa da, binanın təhlükəsizliyi üçün heç bir tədbir görmür”.