Quldurluq edən gənc saxlanıldı

  • 05.12.2017
  • 0

Paytaxt sakini Ülvi Cuvarlı Nərimanov rayonu ərazisində Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxsin onun qarşısını kəsib bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alması barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları quldurluq edən şəxsin dərhal “isti izlər”lə axtarışını həyata keçiriblər. Polis əməkdaşlarının çevikliyi sayəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum edilən Seymur Osmanov olduğu müəyyənləşib. Onun cinayət yolu ilə əldə etdiyi mobil telefon, həmçinin hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polislər quldurluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.