Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. APA TV-nin xəbərinə görə, bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib. Evə isə A.Həsənov daxil olub və onlar sonradan görüşərək oğurlanan pulu aralarında bölüblər: "Dedi, mənim qonşumda qızıl da var, pul da var. Üç nəfər idik. Birinci planımız bu idi ki, gedib götürək. Elə oldu ki, getdik, ev yiyəsi gəlib çıxdı. Götürə bilmədik. O biri gün də mən tək özüm düşdüm. Bu dayanmışdı kanalın üstündə. Barmaqlığı vurub çıxartdım. Pəncərəni açıb girdim içəri. Pulu götürdüm, çıxdım". "Xalaoğlu, o biri uşaq, üçümüz planı cızdıq. Xalaoğlu getdi girdi. Mən də yolda gözləyirdim. Telefonla idarə edirdik. Gələndən sonra da görüşüb pulu böldük". Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.