Goranboy şəhər sakini Ehtiram Məmmədov bir neçə şəxsin əlbir olaraq ipoteka krediti vasitəsilə ev almaq adı ilə onun 4 min 250 manat məbləğində pulunu ələ keçirməsi və digər qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğuna müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
İstintaqın gedişində Ehtiram Məmmədova dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.
Ehtiram Məmmədov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.