Qəbələ rayonunda quldurluq hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, qadın yaşadığı evdə qardaşı oğlu tərəfindən amansızlıqla bıçaqlanıb. Hadisə Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsindəki 17 saylı mənzildə qeydə alınıb. Qəbələ rayon Polis Şöbəsinə 1951-ci il təvəllüdlü Xasməmmədova Elmira Abdurrəhman qızının bıçaqlanması və ona qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, evə zirzəminin pəncərəsindən daxil olmuş maskalı şəxs qadının baş, qol və sinə nahiyələrinə bıçaqla xəsarətlər yetirib, onun 115 manat pulunu və qızıl üzüyünü aparıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan 66 yaşlı E.Xasməmmədovanın vəziyyəti ağır olaraq qalır. Qadının həyat yoldaşının olmadığı və evdə tək yaşadığı bildirilir. Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat-istintaq qrupu tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbə sakini, qadının qardaşı oğlu, 1994-cü il təvəllüdlü Natiq Namiq oğlu Paşabəyli şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Natiq Paşabəyli müxtəlif yalanlar uydurmaqla məsuliyyəti boynundan atmaq istəsə də, tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib. Onun hadisədən bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun cinayətdə istifadə etdiyi əlcək rayon ərazisində atdığı yerdən, götürdüyü qızıl üzük isə paytaxtda satdığı mağazadan aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.