Dekabrın 17-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı Bakı şəhər sakini Xəyyam Həsənovun “VAZ-2106” markalı avtomobilinin şəhərin Naxçıvan küçəsindən qaçırıldığı məlum olub. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, “VAZ-2107” markalı avtomobillə toqquşması müəyyən edilib. Hadisə yerindən qaçmağa cəhd göstərən sərxoş şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Sarıoğlan oğlu Həmidov olması müəyyən edilib. Müstəntiq Əhməd Baloğlanovun dediyinə görə, aparılmış istintaqla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Şirvan sakini Səbuhi Sarıoğlan oğlu Həmidov 17 dekabrda Naxçıvan küçəsində Bakı şəhər sakininə məxsus, açarı üstündə olan və qapıları açıq olan avtomobili oğurlayaraq işıqforda dayanan digər bir avtomobilə çırpıb. Hadisə yerindən qaçmaq istəyən S.Həmidov saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxs cinayətini etiraf edib: "Üçüncü dəfədir ki, maşın qaçırıram. Maşın sürməkdən çox xoşum gəlir. Yalnız içkili olanda avtomobil qaçırıram. Sürətlə sürüb ləzzət alıram. İstəyirəm avtomobilim olsun, amma bir az pul düzəldib avtomobil ala bilmirəm. Bir dəfə qazla işləyən avtomobil oğurlamışdım, yanacaqdoldurma məntəqəsinə sürdüm və bildirdim ki, benzin vurun, YDM-ki əməkdaş dedi ki, qardaş, bu qazla işləyir. Elə oradaca DYP əməkdaşları yaxınlaşıb məndən sənəd istədilər, dedim oğurluq maşındır, nə sənəd? Tutub apardılar. İndi də qəza törətdim, tutuldum. Elə olub ki, qaçırdığım avtomobildə pul (1200 manat) olub, götürməmişən. Qaçırdığım avtomobili sürməkdən həzz alıram. 40 yaşım var, oğlum universitetdə oxuyur. Ayılandan sonra xəcalət çəkirəm, şoka düşürəm ki, mən nə etmişəm". Faktla əlaqədar araşdırma aparılır.