Bakıda film kimi cinayət

  • 18.12.2017
  • 0

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub. İki nəfər məntəqənin operatorunu bıçaqla vuraraq satılan yanacağın pulunu alaraq qaçıblar. Polis bu cinayətdə şübhəli bilinən iki nəfəri saxlayıb. Maskalı cinayətkarlar yanacaqdoldurma məntəqəsinə basqın ediblər. Hadis gecə saatlarında paytaxtın Xətai rayonunda baş verib. Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada operator işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Məlumata görə, həmin şəxslər Mehman Cabbarovun üzərində olan 552 manat pulu aldıqdan sonra yanacaqdoldurma məntəqəsini tərk ediblər. Amma pulu alarkən Mehmana bıçaqla xəsarət də yetiriblər. Hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əməliyyatçılar ərazidəki kameraların köməyi ilə quldurluq cinayətini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayevi müəyyən edərək saxlayıb. Məlumata görə, saxlanılanlardan Sərxan Mailli əvvəllər həmin yanacaqdoldurma məntəqəsinə məxsus avtomobil təmiri sexində usta köməkçisi işləyib. Faktla bağlı hər iki şəxs barəsində Xətai rayon polis idarəsində cinayət işi başlanıb, istintaq gedir.