Ağdaşda ölümlə nəticələnən avtomobil qəzası baş verib, nəticədə 2 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonunun Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 AP 222 dövlət nömrə nişanlı “Nissan Altima” və 12 BE 706 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün, Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Cihan Habil qızı Sehirli və Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Tehranə Allahverdi qızı Məhərrəmova aldıqları ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. “Nissan Altima” avtomobilində olan Qəbələ rayon sakini, Ucar Rayon Polis Şöbəsinin rəisi, 1966-cı il təvəllüdlü polis polkovniki Etibar Tofiq oğlu Abdıyev və sürücüsü, Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün yüngül xəsarət aldığı, polis şöbəsinin rəisi Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.