Ağdaşda 17 yaşlı oğlanın qətlinin ŞOK SƏBƏBİ

  • 14.12.2017
  • 0

Ağdaş rayonunda tələbə oğlan bıçaqlanaraq öldürülüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10:30 radələrində Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında baş verib. Əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyaşıdı, Ağdaş şəhəri Əhməd Cavad küçəsindəki 22 saylı mənzildə yaşayan Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib. Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Rayon sakinlərinin verdiyi məlumata görə, Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Qətli törədən Tərlan Hacıyevin valideynləri hazırda Türkiyədədir. Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov təhsil ocağını özbaşına tərk edərək poçtamptın yanına gedib və məlum hadisə baş verib. Kollecdən bildirilib ki, Ətraf Nəsibov dərslərini yaxşı oxuyan, sakit təbiətli insan olub, tələbə gənclər təşkilatının üzvü kimi təhsil ocağının tədbirlərində fəal iştirak edirmiş. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfində cinayət işi açılıb, araşdırma aparılır.