«Kaspi» qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərbadi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb. 1907-ci ilə kimi «Kaspi»nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. 1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı «Kaspi» qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılıb və qəzetin nəşrində fasilə yaranıb. «Kaspi» 1919-cu ildə fəaliyyətini dayandırıb. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxıb. 1999-cu ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə «Kaspi» qəzeti bərpa olunub. Hazırda «Kaspi» qəzeti Azərbaycan və rus dilində həftəlik nəşr olunur. 2011-ci ildə qəzetin 130, 2016-cı ildə 135 illik yubileyləri keçirilib. Yubiley münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı «Üç əsrin qəzeti» kitabı işıq üzü görüb.