Gizlənqaç oynayan nişanlar
20 baxış
Avto-Moto xəbərlər
Küçə və prospektlərdə bəzi yol nişanlarının yaşıllıqların arxasında qalması əməlli-başlı problem yaradır. Sürücülərlə sanki gizlənqaç oynayan nişanlar, qaydaları pozmaqla onlara cərimələrin tətbiq edilməsini qaçılmaz edir. Yol hərəkəti haqqında qanunun 61-ci maddəsinə görə yollarda, küçələrdə, prospektlərdə quraşdırılan yol nişanları elə qoyulmalıdır ki, yaşıllıqlar və digər maneələr qarşısını almasın. Mütəxəssislər bildirir ki, nişanlar sutkanın istənilən vaxtı görünməsi üçün daxili və xarici işıqlandırılma, ya da işıqqaytarıcı səth ilə təchiz edilməlidir. Nişanların görünməsini məhdudlaşdıran hallara daha çox Tbilisi, Azərbaycan və Neftçilər prospektində rast gəlinir. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov idarənin balansında olan ağacların budanmasının mövsümü olaraq, oktyabrın 15-dən aprelin 15-dək aparıldığını bildirdi. Yol kənarındakı ağacların nişanlara maneə törətməsinə isə Bakı Şəhər Yol Polisi İdarəsinin yazılı bildirişi əsasında baxış keçirilir. Sürücülər bu cür hallarla qarşılaşdıqda yol polisinə məlumat verməlidirlər. Güc strukturunun əməkdaşları isə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə. Mövcud nöqsanların həlli yolu budur. Birdən özünüz ağacları budamaq istəsəniz və ya nişanın yerini dəyişsəniz cərimələnə bilərsiniz. Odur ki, ehtiyatlı olun!
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.