Zülfüqarov: Köçəryanın sözünə yox, İrəvanın gününə baxın

  • 18.06.2021
  • 0

Seçkiqabağı siyasətçilərin müxtəlif vədlər verməsi normal bir şeydir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda seçki ərəfəsində siyasi qüvvələrin revanşist vədlərini şərh edərkən deyib.

O bildirib ki, indiki mərhələdə nə Paşinyanın verdiyi vədi ciddiyə almaq lazımdır, nə də Köçəryanın: “Ermənistanda parlament seçkilərinə iki gün qalıb. Hazırda rəqiblər arasında amansız mübarizə gedir. Vaxt azaldıqca namizədlərin vədlərini çoxaldacağı gözlənilən idi. Düşünürəm, bu kimi ifadələrə çox da fikir vermək lazım deyil.

Seçkilərdə Paşinyan qələbə qazansa da, çox güman ki, real siyasəti bundan öncəkindən fərqli olmayacaq. Diqqət etsəniz, Paşinyan hakimiyyətə gələrkən də ümidverici vədlər verirdi.

Yəni Azərbaycanda da münaqişənin dinc yolla həll ediləcəyinə ümid vardı. Nəticədə isə biz tam fərqli bir mənzərənin şahidi olduq. Yəni seçkilərdə namizədlərin hansı vəd verməsinə baxmayaraq, real siyasət tam fərqli ola bilər”.

Politoloq qeyd edib ki, erməni siyasətçilərin vədlərinə deyil, ölkənin hazırkı vəziyyətinə baxmaq lazımdır: “Yəni bu gün Ermənistan ordusu dağılıb, daxili siyasət sabit deyil, iqtisadiyyat bərbad vəziyyətdədir. Belə bir ölkənin rəhbərinin hər hansı iddialı bəyanatına fikir verməyə ehtiyac yoxdur”.

Nə düşünürsən?