Vaksin bölgüsündə ədalətsizlik

  • 03.02.2021
  • 0

İnkişaf etmiş ölkələr əhalisinin sayından bir neçə dəfə artıq vaksin alır Bir tərəfdən ölkələr koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və bunun üçün uğurlu vaksinasiya prosesi həyata keçirməyə çalışakən, digər tərəfdən dünyada ədalətsiz vaksin bölgüsü hökm sürür. Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər vaksinlərin 53 faizini sifariş ediblər. Kanadanın 38 milyon əhalisinin olmasına baxmayaraq, bu ölkə 154 milyon nəfər üçün vaksin alıb. “Bloomberg” agentliyinin məlumatına görə, hazırda Kanada əhalisinin 400%-i, Böyük Britaniya əhalisinin 295%-i, Avstraliya isə əhalisinin 269%-i üçün vaksin ehtiyatı əldə edib. Halbuki bəzi kasıb, səhiyyə sistemi zəif inkişaf etmiş ölkələrdə vaksin çatışmazlığı yaşanır. Planeti cənginə alan pandemiya dövründə ölkələrin daha sıx birləşərək bir-birinə dəstək olması əvəzinə, inkişaf etmiş dövlətlərin yeni müstəmləkə təfəkkürü ilə yanaşması dünyada hələ də ədalətin bərqərar olmadığından xəbər verir. İlk günlərdən pandemiyaya qarşı mübarizədə aktiv iştirak edən və müxtəlif beynəlxalq platformalarda dövlətləri birliyə çağıran Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-yə 10 milyon dollar məbləğində könüllü ianə verib. Azərbaycan həm də ədalətsiz vaksin bölgüsünə qarşı çıxan nadir ölkələrdən biri olub. Özünə gəldikdə isə ölkəmiz virusun yayıldığı ilk günlərdə operativ davranaraq bir sıra vacib avadanlıq və tibbi ləvazimatların alınmasını təmin edib. Yeni laboratoriyaların gətirilməsi, test imkanlarının genişləndirilməsi infeksiyanın vaxtında müəyyən edilməsinə və xəstəliyin arealının genişlənmədən qarşısının alınmasına imkan verib. Pandemiyaya qədər Azərbaycanda cəmi 8 laboratoriya var idisə, bu gün onların sayı artıq 42-dir. Azərbaycan həm də Cənubi Qafqazda ilk vaksinasiya işlərinə start verən ölkədir. Artıq dünya aktiv vaksinasiya dövrünə qədəm qoyur. Bu sahədə ölkələr ortaya yeni baxışlar qoymalı, əvvəlki soyuq münasibətləri, etinasız yanaşmaları unutmalıdırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün dövlətlərin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətindən söz açıb, önəmli mesajlar verib. Ölkə başçısı xüsusi olaraq ölkələri gözəgörünməz bəlaya qarşı mübarizədə həmrəyliyə səsləyib.

Nə düşünürsən?