Ordu ayağa qalxdı: Rusiya Nikolu cəzalandırır

  • 25.02.2021
  • 0

Ermənistanın Baş naziri Nikol Paşinyan “İsgəndər” raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərdə başına bəla açacağını anlayaraq bir gün sonra yeni açıqlama ilə əvvəlki sözlərinə düzəliş etməyə çalışdı.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı açıqlamasından sonra baş verən hadisələri şərh edərkən deyib.

O bildirib ki, Paşinyan hökumətin iclasında Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacağını və bu istiqamətdə “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcəyini” demişdi:

“Nikol Paşinyanın yeni açıqlaması, görünür, Kremlin acığını soyutmadı. Müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir. Digər tərəfdən, Moskva görür ki, Ermənistanda Paşinyana real alternativ yoxdur. Ancaq Paşinyan “İsgəndər” raketlərinin keyfiyyətsiz olması ilə bağlı açıqlaması ilə Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, Kreml bunu unutmayacaq. Baş Qərargahın istefa bəyanatı da Rusiyanın Paşinyanı cəzalandırmasıdır”.

Qeyd edək ki, az öncə Ermənistan Baş Qərargah rəisi də daxil olmaqla, 40-dan çox yüksək çinli zabit Paşinyanın istefasını tələb edən bəyanat yayıb.

Paşinyan isə Baş Qərargah rəisi və müavinlərini istefaya göndərərək, tərəfdarlarına Respublika meydanına toplaşmaq üçün çağırış edib. Saat 16:00-a təyin edilən mitinqə artıq tərəfdarları ilə bərabər, əleydarları da gəlir.

Müxalifət isə saat 15:00-a Azadlıq meydanına mitinq təyin edib.

Nə düşünürsən?