Latviya Seyminin rəsmiləri Ağdamda olub

  • 09.06.2021
  • 0

Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olan nümayəndə heyətinə erməni vandalizminə məruz qalan tarixi tikili barədə məlumat verilib. Bildirilib ki, işğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, Tövlə kimi istifadə edilərək inək və donuz saxlanılıb. Həmçinin imarət qəbiristanlığında törədilmiş barbarlıq da qonaqlara nümayiş etdirilib.

Erməni vandalları Qarabağ xanları İbrahimxəlil xanın, Mehdiqulu xanın, Xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidələrini dağıdıblar.

Daha sonra Latviya Seyminin nümayəndələri Ağdam şəhər Cümə məscidinə ziyarət edib. Ermənilərin tarixi-mədəni abidələrimiz kimi dini abidələrə olan mənfur münasibətləri xarici qonaqları məyus edib. Onlar erməni vandallarının Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara və müsəlmanlara qarşı bəslədikləri nifrətin şahidi olublar.

Ağdam şəhərində ermənilərin yerlə-yeksan etdikləri binaların, Ağdam Dram Teatrının qalıqlarına baxan Latviya nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edərək qəbirləri qazaraq dağıdan ermənilərin barbarlığını öz gözləri ilə müşahidə ediblər.

REAL

Nə düşünürsən?