Jurnalistlər MAXE olmaq istəyən kursantların təlimlərini izlədi

  • 08.05.2021
  • 0

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət edən (MAXE) hərbi qulluqçu olmaq istəyən kursantların tədris prosesini işıqlandırmaq üçün Üçtəpə Təlim Mərkəzinə media-tur təşkil edib.

APA TV-nin məlumatına görə, media nümayəndələri kursantlara tədris olunan dərslərdə iştirak ediblər. 

Burada kursantlara mühəndis-istehkam qurğuları ilə bağlı dərslər, Beynəlxalq Humanitar Hüquq, Rabitə, fiziki hazırlıq, ilkin tibbi yardımın göstərilməsi və digər ixtisas dərsləri keçirilir:

- Burada bizə hərbi fənlər aşılanır. Biz müəllimlərimizə və komandirlərimizə minnətdarlığımızı bildiririk. Biz də çalışırıq ki, müəllimlərin əziyyətini layiqincə dəyərləndirək və onların hərbi biliklərini dərindən mənimsəyək. Bu, gələcəkdə öz tabeçiliyimizdə olan hərbi qulluqçulara da bu bilikləri çatdırmağımıza kömək olacaq.

Media-turun ikinci hissəsində kursantlar dərslərdə öyrəndiklərini praktikada tətbiq ediblər.

İstehkamçı kursantların minalar və partlamamış hərbi sursatlarla davranmaq vərdişlərini artırılması istiqamətində Təlim Mərkəzinin həyətində xüsusi bir meydança ayrılıb:

Hazırda biz mühəndis-istehkam bölmələri üçün nəzərdə tutulmuş ərazidəyik. Kursantlar burada minaların axtarılması istiqamətində öz bilik və bacarıqlarını təkmilləşdirirlər.

- Bu ərazi, mina aşkar edildikdə onun zərərsizləşdirilməsi üçün nəzərdə tutulubdur. Burada praktiki məşqlər keçirilir. Dərslərimiz normal qaydada keçir. Müəllimlərimiz bizi öyrədirlər.

- Fəaliyyətimiz əsasən mühəndis istehkam sahəsindədir. Komandirlərimizin, müəllimlərimizin bizə verdiyi göstərişləri yüksək səviyyədə yerinə yetiririk. Məqsədimiz Ali Baş Komandanın verdiyi göstərişləri tez biz zamanda yerinə yetirməkdir.

Daha sonra kursantlar özlərini atəş hazırlığında, silahların minimal vaxt ərzində sökülüb-yığılmasında sınayıblar.

Üçtəpə Təlim Mərkəzində kursantların vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. İki ay davam edəcək kursları müvəffəqiyyətlə bitirmiş hərbi qulluqçulara ixtisaslar üzrə sertifikat veriləcək və müvafiq işlə təmin olunacaqlar.

Nə düşünürsən?